Bakı yenə sözünü dedi:


Digərləri 16 Mar 2018 12:33:40 276 0

Bakı yenə sözünü dedi:

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.

Nazirlər regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadiyyat, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin Birinci Dördtərəfli Görüşündə imzalanan Bakı Bəyannaməsinin mətni açıqlanıb.

Görüş iştirakçıları enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləmək ilə bağlı iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsini razılaşdılar; investisiyaların və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə edilməsi, o cümlədən mümkün olduğu təqdirdə enerji, nəqliyyat, telekommunikasiya, informasiya kommunikasiya texnologiyaları (İKT), sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların icra edilməsi vasitəsilə əməkdaşlığın dəstəklənməsi ilə bağlı razılaşdılar.

Habelə onlar nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla "Cənub-Qərb" marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini qeyd etdilər.

Onlar 2015 və 2017-ci illərdə keçirilmiş Tbilisi Kəmər və Yol Forumlarının vacibliyini vurğuladılar və Tbilisi şəhərində növbəti forumda yüksək səviyyəli iştirakın əhəmiyyətini qeyd etdilər;

Növbəti dördtərəfli görüş Gürcüstanda keçirililəcək.

Bakıdakı dördətərəfli görüş mahiyyət etibarilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı perspektivlərinin müzakirəsi çərçivəsində olan sammit də sayıla bilər

Ermənilər çox narahatdır

Rəsmi Bakı regional əməkdaşlığı intensivləşdirmək, bölgədə təhlükəsiz vəziyyətə nail olmaq üçün Türkiyə, Gürcüstan və İranla da regional tərəfdaşlığı daha da gücləndirmək niyyətindədir.

Azərbaycan, Türkiyə, Gürcüstan və İranın XİN başçılarının görüşü də bəhs etdiyimiz məqsədin reallaşmasına yönəlmişdi.

Belə dördtərəfli format, üstəlik Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirilməsi Ermənistanı ciddi narahat edib.

Erməni mediası ötən həftə yazırdı: "Artıq faktdır ki, Bakı bizim hərtərəfli təcridimizə nail olub. Təbii, Elmar Məmmədyarov və Zakir Həsənovun bəyanatlarını dramatikləşdirməyə dəyməz. Lakin Ermənistanın bütün regional inteqrasiya layihələrindən kənarda qalması çox pis, təhlükəlidir. Ermənistanın xarici siyasəti məntiqdən kənardır. Gürcüstanla münasibətlər bərbaddır, İranla tərəfdaşlıq ikitərəfli formatla məhdudlaşıb. Xarici siyasətimizdə strateji baxış, planlaşdırma, regional komponentlər yoxdur".

Ermənilər etiraf edirlər ki, Ermənistanın xarici siyasəti cari problemlərin həlli ilə məhdudlaşır və Azərbaycan da bundan yararlanır: "Ermənistanın İranla münasibətləri də yarıtmazdır. Tehrandan gələn siqnallara biz vaxtında cavab versəydik, tərəfdaşlığımız regional əhəmiyyət kəsb edərdi".

Ermənistanın qeyri-adekvat siyasəti isə İranın ermənilərə olan marağını azaldıb. İllah da ki, bu yaxınlarda İran-Azərbaycan-Rusiya formatında üçtərəfli əməkdaşlıq sayəsində İran Avropa bazarlarına daha bir çıxış əldə edəcək. İran indi də Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı formatına qoşulur ki, bu da Ermənistanın təcridini daha da dərinləşdirəcək, ağırlaşdıracaq. Ermənistan indi bir tərəfdən Azərbaycanın siyasətinin ermənilər üçün yaratdığı nəticələri neytrallaşdırmağın, digər tərəfdən Rusiyadan total, kölə asılılığını azaltmağın yollarını düşünməlidir.

Zəif, yarıtmaz və geridə qalmış dövlət və siyasi sistemləri olan Ermənistan ambisioz xarici siyasət yürüdə bilməz.

Amma nə edəsən ki, Rusiyanın "dalanı, kiçik anbar otağı" statusundakı Ermənistan indi dövlətin modernləşməsi ilə məşğul olmaq imkanına malik deyil.

Şimal-Cənub Nəqliyyat Dəhlizi nədir?

2016-cı ilin avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə əsas müzakirə mövzusu Şimal-Cənub Nəqliyyat Dəhlizinin (ŞCND) yaradılması olmuşdu.

Azərbaycanın təşəbbüsü ilə keçirilən ilk görüşün sonunda bu nəqliyyat şəbəkəsi də daxil olmaqla, iqtisadiyyat, ticarət, enerji, qaz, təhlükəsizlik və digər məsələlərə dair birgə Bəyannamə imzalanmışdı

Növbəti görüş İran prezidenti Həsən Ruhaninin təklifi ilə İranda baş tutub.

Şimal-Cənub Nəqliyyat Dəhlizi (ŞCND) Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır.

ŞCND Hindistandan Orta Şərq və Qafqaza, Mərkəzi Asiya və Avropanı birləşdirən layihədir.

Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bandea Abbas limanlarını, həmçinin Bakı, Astraxan, Moskva, Sankt Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır.

İran, Hindistan və Rusiyadan əlavə, bu nəqliyyat şəbəkəsi Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Tacikistan, Oman, Suriya və Bolqarıstan arasında da inteqrasiyanı asanlaşdıracaq.

Mumbaydan Bakı və Bəndər Abbas limanı ilə Astraxana uzanan quru yolu 2014-cü ildə reallaşdırılıb. Bunun nəticəsində hər 15 tonun daşınmasına görə xərclərdə 2500 dollar azalma olub.

Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin demişdi: "Danışıqlarımız flaqman layihəyə - 7200 kilometr uzunluğu olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə fokuslanıb".

Bakı sözünü dedi

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstanın XİN rəhbərlərinin dördtərəfli formatdakı görüşünün ən öpəli sonucu dünya siyasəti və iqtisadiyyatın böhran durumunda olduğu vəziyyətdə region dövoətlərinin qlobal geostrateji çağırışlara adekvat cavab verməyə çalışmasıdır.

Geosiyasi reallıq budur ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinə Gürcüstan daha aktiv qoşulur, İran aktivləşir, Türkiyə və Azərbaycan eyni platformadan çıxış edirlər. Beləliklə, sırf nəqliyyat xassəli, iqtisadi loqistika məzmunlu konsepsiya "sənayeləşmə-siyasiləşmə kəmərinə" çevrilir və strateji müstəviyə keçir.

Əfsuslar olsun ki, dünya iqtisadiyyatında problemlərin müzakirəsində indi hərbi-güc komponenti daha böyük təsirlərə malik olaraq prinsipial məsələyə çevrilir. Bir sıra regionlarda hərbi və siyasi baxımdan qeyri-stabillik durğunluq vəziyyətinə çevrilib. Özü də belə zonaların miqyası fasiləsiz böyüyür.

Fəqət, Bakı yaşanan böhranın yaratdığı yeni, misilsiz imkanlardan ölkənin inkişafı üçün yararlanmağa çalışır və bu, əslində müşahidə etdiyimiz duruma kompleks yanaşma da sayıla bilər.

Çünki "Şimal-Cənub" dəhlizinin fəaliyyəti, xüsusilə də anlaşmanın loqistik məzmunu bundan sonra "yeni sənayeləşmə" sahəsindəki layihələrlə zənginləşəcək. Həmin layihələr isə klassik "makroiqtisadi yanaşma" çərçivəsində sadəcə, mümkün deyil.

Məhz bu səbəbdən Bakı indi hərbi-güc amillərini, siyasi məqamları, hətta sosial ünsürləri də nəzərə alır.

Rusiya və İran təki Azərbaycan da xarici siyasət və iqtisadiyat sahəsində yetərincə təcrübə topladığından uzunmüddətli geosiyasi kompromislərə hazırdır. Yəni strateji perspektivlər naminə ani dividendləri unutmaq olar.

Üstəlik, bölgədə "rol bölgüsü" sistemində dəyişikliklər imkanı yaranıb.

Sadaladığımız məqamlar baxımından Bakıda keçirilmiş dördtərəfli görüşün ən mühüm nəticələri belə olacaq:

1. Şimal-Cənub Nəqliyyat dəhlizi layihəsində geosiyasi və sənayeləşmə elementləri güclənəcək, qlobal enerjidaşıyıcıları və yükdaşımalar bazarında Azərbaycanın çəkisi artacaq, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına təkan veriləcək.

2. Azərbaycan faktiki olaraq ilk dəfə ənənəvi Qərb və Şərq istiqamətləri sistemindən çıxaraq geosiyasi perspektivlər baxımından daha çevik, daha mütəhərrik davranış imkanları əldə edəcək

3. Şimal-Cənub Nəqliyyat Dəhlizi boyunca uzanan "sənayeləşmə kəməri" layihəsi Rusiya, İran və Türkiyənin kontrolunda olmadığından Azərbaycan postsovet məkanındakı proseslərin zərərli təsirlərindən özünü sığortalamaq üçün əlavə imkanlar əldə etməklə yanaşı, sadalanan ölkələrlə iqtisadi, siyasi, hərbi və s. sahələrdə əməkdaşlıq imkanlarını sürətlə genişləndirəcək.

4 Azərbaycan regional siyasətə "Şimal-Cənub" layihəsinin iştirakçıları olan Hindistanla Çin təki meqagücləri cəlb etmək imkanlarına yiyələnəcək.

Orxan Hun Son.az