"İcbari tibbi sığorta haqqında" qanun layihəsi qısa zamanda qəbul edilsin


Digərləri 16 Mar 2018 11:55:00 361 0

"İcbari tibbi sığorta haqqında" qanun layihəsi qısa zamanda qəbul edilsin

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatını açıqlayıb.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, illik hesabatda Agentliyin fəaliyyəti, ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və tibbi xidmətlərinin təşkili sahəsində əldə olunan nəticələr, icbari tibbi sığorta sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb.

Məlumat üçün bildirək ki, Prezidentin Fərmanına əsasən, icbari tibbi sığorta üzrə pilot layihənin tətbiqinə 01 yanvar 2017-ci il tarixindən etibarən başlanılıb. Layihə müddətində əhalidən sığorta haqları toplanılmayıb.

Hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda olan məcburi köçkünlərin ümumi sayı 256401 nəfər təşkil edib.

Layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılmış və baza (əsas xidmətlər) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb. Həmçinin icbari tibbi sığortanın başlıca məqsədlərindən olan əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilib. Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artıb. Həyata keçirilmiş cəmi əməliyyatların sayı 8274 olub. Həyati vacib əməliyyatların sırasında ümumi payı 80 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən, ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 980 tibbi xidmət göstərilib.

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalmış və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı il ilə müqayisədə Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.8-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enib.