Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib
Siyasət 16 Mar 2018 07:14:00 226 0
"Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib".
Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev martın 15-də Bakıda "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda öz işinə başlayan VI Qlobal Bakı Forumunun əhəmiyyətini dəyərləndirərkən bildirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VI Qlobal Bakı Forumunun açılışında iştirak ediblər - FOTO Millət vəkilinin fikrincə, Azərbaycanın paytaxtında belə bir miqyasda tədbirin keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "İlk dəfə 2013-cü ildə Cənubi Qafqaz Forumu, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu kimi keçirilməyə başlayan bu beynəlxalq tədbir 2015-ci ildən bəri Qlobal Bakı Forumu adı altında təşkil edilir. Keçirilmiş Qlobal Bakı Forumlarında dünyanı narahat edən müxtəlif sosial, mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələri əhatə edən məsələlər müzakirə olunub. Bu Forumların və digər böyük miqyaslı beynəlxalq tədbirlərin Bakıda, Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan bütün dünyada yüksək nüfuza sahib ölkədir və o, artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib. Bu, Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş və müdrik siyasətin nəticəsidir".
Prezident İlham Əliyev: "Qlobal Bakı Forumu çox mühüm platformaya çevrilib" Qeyd edək ki, VI Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edib.
Forumda Azərbaycanla yanaşı Albaniya, Makedoniya və Moldova prezidentləri, Türkiyənin Baş naziri, Xarici işlər naziri, ümumilikdə 50-dən çox ölkədən 500-dək yüksək vəzifəli şəxslər, nümayəndələr, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak edirlər. "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusuna həsr olunan bu dəfəki Forumda əsasən Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu və digər mövzular müzakirə ediləcək.
Üç gün davam edəcək Forum martın 17-də işini yekunlaşdıracaq. Forum çərçivəsində martın 18-19-da isə 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçirilən sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.
İlkin İzzət