Madriddə afrikalı mühacirin ölümündən sonra kütləvi iğtişaş baş verib


Dünya 16 Mar 2018 05:58:16 273 0

Madriddə afrikalı mühacirin ölümündən sonra kütləvi iğtişaş baş verib

Toqquşmalar zamanı azı 10 polis və 4 şəhərli xəsarət alıb

Madriddə afrikalı miqrantın ölümündən sonra kütləvi iğtişaşlar baş verib. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşları və aksiya iştirakçıları arasında bir neçə nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Pais" qəzeti yazıb.

Polisdəki mənbənin məlumatına görə, 35 yaşlı Seneqaldan olan mühacir Mame Mbaqe ürək çatışmazlığından vəfat edib. Lakin şahidlər və tanış şəxslər bildirirlər ki, o, asayiş keşikçilərinin küçə ticarəti ilə məşğul olan şəxsləri təqib etməsi nəticəsində ölüb.

Seneqallı İspaniyaya 14 il əvvəl gəlib, amma ölkə ərazisində yaşama hüququ olmayıb. Cümə axşamına keçən gecə Mbaqenin yaşadığı Madridin Lavapyes rayonunda təqribən 200 etirazçı toplaşaraq "Polis yox, sosial dövlətdir", "Qatil polislər" və "Polis Madriddən rədd olsun" şüarları səsləndiriblər.

Daha sonra iğtişaşlar yaxınlıqdakı məhəllələrə keçib, onların iştirakçıları avtobus dayanacaqları və bank şöbələrini dağıdıblar, zibil konteynerlərini və polis maşınlarını yandırıblar.

Qanun pozucularına qarşı gözyaşardığı qaz tətbiq olunub.

Toqquşmalar zamanı azı 10 polis və 4 şəhərli xəsarət alıb.