VI Qlobal Bakı Forumu sabah işini davam etdirəcək


Digərləri 15 Mar 2018 23:57:00 288 0

VI Qlobal Bakı Forumu sabah işini davam etdirəcək

Martın 15-də VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxluqlar azlıqlara qarşı" mövzusunda üçüncü panel iclasında separatçı siyasətin məqsəd və nəticələri, etnik rəqabət, əraziyə yönəlmiş hakimiyyət siyasəti, səmərəli və müasir idarəetmə qaydalarına meydan oxuyan şiddətli güc mübadiləsi, qlobal siyasətdə hərtərəfli və ədalətli idarəetmə yolları, beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmaq üçün hansı dərslər öyrənilməlidir kimi mövzularda müzakirələr aparılıb.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata əsasən, iclasın moderatoru Latviyanın sabiq Prezidenti Valdis Zatlers bildirib ki, etimadsızlıq, müharibələr, münaqişələr, miqrant, qaçqın problemlərinin, ümumiyyətlə, dünyanı narahat edən məsələlərin həlli hazırkı dövrdə çox vacibdir. Bu məsələlərin həlli vasitələri daha geniş miqyasda müzakirə olunmalı, yollar tapılmalıdır. Biz öhdəmizə düşən hər bir məsələyə münasibət bildirməli, səylərimizi gücləndirməliyik.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç qeyd edib ki, müzakirə olunan mövzular düşündürücüdür və bu problemlərin həlli bizdən daha çox səy göstərməyi tələb edir. Dünyada baş verən müharibələr, münaqişələr ciddi problemlər yaradır, insanlar həyatlarını itirirlər, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün birgə addımlar atmalıyıq. Müəyyən prinsiplər tətbiq olunmalıdır, ortaq məxrəcə gəlinməlidir, liderlər kompromisə getməyi bacarmalıdırlar. Güzəştə getməmək dünyada qarışıqlıq yaradır. Problemləri birgə həll etməyi bacarmalıyıq.

Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub. O qeyd edib ki, Azərbaycanın tam hüququ var ki, ölkəsinin ərazisinin 100 faizinə nəzarət etsin, amma təəssüflər olsun ki, hazırda yalnız 80 faizinə nəzarət edə bilir. Buna bütün dünya diqqət yetirməli, münasibət bildirməlidir. BMT və digər beynəlxalq təşkilatlar iradə nümayiş etdirməlidirlər. Əsas məsələ dayanıqlı sülh yaratmaqdır. Bunun üçünsə birgə səy göstərmək lazımdır. Bir sıra ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik var. Bu, düzgün deyil. Müsəlmanlara qarşı münasibət dəyişməlidir. Mən çox sevinirəm ki, prezident olduğum müddətdə iftar süfrəsi açmışam. Real vəziyyət odur ki, sülh yaratmaq bizim özümüzdən asılıdır.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Benedetto Zakkirol deyib ki, dövlət rəhbərləri ümumi strategiyanı nəzərə alaraq siyasət yürüdürlər. Onlar qlobal məsələlərə münasibət bildirməlidirlər. Biz bütün səylərimizi müsbət istiqamətə cəmləşdirməliyik. Miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir.

Sloveniya Respublikasının keçmiş Prezidenti Danilo Türk dünyada sülhün təmin edilməsinin önəmini qeyd edib. O deyib: "Bəşəriyyət elə bir platforma yaratmalıdır ki, bütün münaqişələr həllini tapsın, sülhə nail olunsun. Bunun üçün vacib qərarlar qəbul olunmalıdır".

Belçika Krallığının keçmiş Baş naziri Yves Leterme qeyd edib ki, o, özü İsveçdən olan immiqrantdır. Buna baxmayaraq, Belçikada yüksək vəzifədə işləyib. Belçikanın təcrübəsindən danışan natiq vurğulayıb ki, bu ölkədə milli azlıqların hüquqları ilə bağlı əsas prinsiplərdən - ədalətli bölgü, qərarların qəbul edilməsində iştirakın təmin olunması kimi prinsiplərdən istifadə edilir.

Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili ölkəsində həyata keçirilən siyasi islahatlar barədə məlumat verib. O qeyd edib ki, Gürcüstanda bərabərhüquqluluq prinsipi, insan hüquqlarının qorunması məsələləri hər zaman diqqətdə saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov panel iclasında "Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində" mövzusunda məruzə ilə çıxış edərək deyib ki, hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir. Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub.

Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiyini, dinc əhalini kütləvi qırğınlara məruz qoyduğunu vurğulayan Əli Həsənov xatırladıb ki, indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam edirlər.