Evdarlıq lüks, yoxsa məşəqqət?


Digərləri 15 Mar 2018 23:02:00 402 0

Evdarlıq  lüks, yoxsa məşəqqət?

Son.az lent.az-a istinadən bildirir ki, bu gün Azərbaycanda ev qadınları ilə bağlı rəsmi statistika yoxdur. Amma ölkəmizdə adına qeyri-rəsmi şəkildə "evdar qadınlıq institutu" deyilən bir kateqoriya var. Təbii ki, bu, Azərbaycana xas bir hal deyil. Dünyanın bütün ölkələrində ailə institutunda bu cür bölgü həyata keçirilir.

Amma Azərbaycanda durum necədir? Ümumiyyətlə, evdar qadınlıq ölkəmizdə bir qadının seçimidir, yoxsa zərurəti? Yeganə səbəb "uşaqlara baxan yoxdur" kimi arqumentdirmi?

Evdar qadınlarla bağlı 10 həqiqət

Öncə "ev xanımlığının dünyanın ən çətin peşəsi olduğunun 10 sübutu" ilə bağlı arqumentləri yada salaq.

- Evdar xanımlara maaş ödənsəydi, bu maaş ən azı 2500 manat olmalıdır.

- Evdar qadınlar dünyanın ən çətin müdirinə sahibdilər. Bu müdir də özləridir. Onlar bir müddət sonra hər şeyin mükəmməl olmasına elə çalışırlar ki, atüstü gördükləri heç bir iş xoşlarına gəlmir.

- Üstəlik də təkbaşına çalışırlar. Onlar vaxtlarının çoxunu özləri ilə keçirirlər.

- Böyük bir ailənin yükünü öz çiyinlərində daşıyırlar desək, yanılmarıq. Həftəlik alış-veriş, təmizlik, yemək və bunun kimi yüzlərlə iş.

- İş saatları gözlərini açdıqları andan etibarən başlayır və yastığa başlarını qoyduqları an sonlanır.

- Yay tətili, qış tətili, bayram tətili... Bunların heç biri onların həyat tərzi üçün xarakterik deyil. Onların tətili ancaq evin kişisinin qrafikinə və işdən aldığı icazələrə görə planlanır. Təbii ki, evin kişisi icazə alanda ailəcə tətil planlaşdırırsa.

- Evdar qadınlıqla yanaşı, dünyada evdar kişilik də var. Bir çox kişi iş həyatında uğur və gəlir əldə edə bilməyəndə ailədə iş bölgüsü dəyişir.

- Bütün gün evin içində qaçaqaçda olanda atdıqları addım sizin heç cür gedə bilmədiyiniz idman salonundakı qaçış bandında atdığınız addımdan çoxdur. Həm də müxtəlif bəhanələr səsləndirərək, idman zalına getməmək və ya növbəti bazar ertəsinə qədər təxirə salmaq şansları yoxdur. Onlar hər gün bu idmanı etməyə məcburdular.

Evdar qadınlıq + analıq = İşlər x 2

Bu işin ən çətin tərəfi isə başqalarına "Evdar qadınam" dediyiniz zaman eşitdiyiniz "Hmmm... Yəni çalışmırsan" cümlələrini eşitməkdir. Əslində isə evdar qadınlıq evdən çalışılan peşədən heç nə ilə fərqlənmir.