Ən ucuz Novruz bazarlığını haradan etməli? MÜQAYİSƏLİ QİYMƏTLƏR REPORTAJ FOTO


Digərləri 15 Mar 2018 22:50:00 429 0

Ən ucuz Novruz bazarlığını haradan etməli?  MÜQAYİSƏLİ QİYMƏTLƏR  REPORTAJ  FOTO

Bu həftə Yel çərşənbəsini də yola saldıq. Artıq sonuncu çərşənbə və Novruz bayramına sayılı günlər qalıb. Dolayısı ilə bayram bazarlığının vaxtı da yetişib. Bazarlıq üçün isə alıcıların qarşısında bir neçə seçim var: bazar, market. Şənbə-bazar yarmarkalarına indi də metrostansiyaların yaxınlığındakı yarmarkalar əlavə edilib. Aidiyyəti qurumlar əksər metro çıxışlarında quraşdırılan çadırlarda əhalinin büdcəsinə uyğun qiymətlərin olacağı ilə bağlı öncədən məlumat yaymışdı.

Son.az bildirir ki, verilən vədlərin doğruluğunu öyrənmək üçün publika.az-ın əməkdaşı metrostansiyaların çıxışındakı yarmarkalarla bazarlardakı qiymətləri müqayisə edib. İnanırıq ki, bu yazı hələ ki, bayram bazarlığı etməyənlər üçün də müəyyən istiqamət formalaşdıracaq.

Bu qiymətə də səməni olar?

"28 May" metrostansiyasının çıxışında 3 yerdə bayram çadırı qurulub. Amma yarmarkada Novruz ab-havası demək olar ki, hiss olunmurdu. Çünki çadırların içərisində bayram çərəzi və novruz atributlarından daha çox qab-qacaq və bəzək əşyaları vardı. Çadırlardan birincisi daxil oluruq. Kiçik qablardakı səmənilərin qiyməti 3 manatdan başlayır, buta formasındakı qablarda və bəzəkli səmənilərin qiyməti isə 25-30 manatdır. Qız qalası və digər milli təsvirlərin əks olunduğu akssesuarların qiymətləri 5-25 manat arasında dəyişir. Bayram günü yumurta və süfrə bəzəmək üçün istifadə edə biləcəyiniz bəzək əşyalarının qiyməti 4-5 manatdan başlayır. Yarmarkadakı alıcılar qiymətlərlə bir-bir maraqlanır, amma nəsə almır, elə bizim kimi sadəcə qiymət soruşmaqla kifayətlənirdilər.

"Bu qiymətə də səməni olar?", "5 manat bəzək əşyası olar?" cümlələrini təkrar edə-edə yarmarka çadırını tərk edənlər də az deyildi. Satıcılar isə ümumiyyətlə, danışmaq istəmirdilər.

İkinci çadıra daxil olanda giriş hissədəki qoz-fındıq az da olsa, bayram yarmarkası əhval-ruhiyyəsi yaradırdı. Lakin bir az başımızı yana çevirəndə çadırın müxtəlif uşaq oyuncaqları, bəzək əşyaları, qab-qacaqla dolu olduğunu görürük. Səbəb ətrafından baş sındırmadan buradan çıxırıq...

Əvvəl kilo, indi isə qramla...

Yarmarkada qiymətlər belə idi - qoz ləpəsi 15-20 manat, fındıq ləpəsi 14 manat, qabıqlı qoz-fındıq 5 manat, badam 20 manat, kişmiş 5-7 manat, qara kişmiş 9, meyvə quruları 7, noğul 4 manat, hind qozu 28 manat, xurma 4 manat. Bəzəksiz səməni 1-2, bəzəklilər isə 8 manatdan başlayır, xurma quruları 5 manat, araxis 4 manat, iydə, innab 6 manat idi.

Satıcılar keçən illə müqayisədə qiymətin qalxmadığını (?) deyir. Onlar deyir ki, əksinə yarmarka olduğundan qiymətləri bazar qiymətindən daha aşağı etmişik ki, hər kəs istədiyi bazarlığı rahatlıqla edə bilsin.

Söhbət etdiyimiz alıclılar isə əksinə bahalıqdan şikayətlənirdi:

"Əvvəlki illər kilo ilə alırdıq, indi qramla. Daha nə deyək? Bayramda orta səviyyəli bir süfrə açmaq üçün 250-300 manat lazım olacaq".

Şam, səmənidən başqa heç nə

Yarmarkada meyvə-tərəvəzin qiyməti belə idi - portağal 2.50, armud 4.50, alma 2 manat, kivi 3 manat, iri naringi 4.20, balacalar 2.50 manat, limonun kilosu 3.50 manat, pomidor 4.80, xiyar 3.80 manatdır. Amma bayramdan bir-iki gün öncəyə qədər qiymətlərin dəyişməyəcəyinə zəmanət verə bilmərik. Alıcının sayı artdıqca qiymətlərin artması da mümkündür. Çünki bizim bu satıcılardan nə desən, çıxar...

Konfet, şokoladlar isə 4-6 manat arasında dəyişir. Bayram şamları formasına və ölçüsünə görə 0.2-0.8 manata təklif edilir. Metrostansiya yaxınlığındakı üçüncü çadırda isə şam və səmənidən başqa bayramı xatırladacaq heç nə satılmırdı.