Elmar Məmmədyarov Rumıniyanın Baş nazirinin müavinini qəbul edib


Siyasət 15 Mar 2018 20:18:00 284 0

Elmar Məmmədyarov Rumıniyanın Baş nazirinin müavinini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından dərin hüznlə Azərbaycan xalqı və dövlətinə başsağlığı verdi.

A.Birçall  2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayaraq, 2018-ci ilin Azərbaycan və Rumıniyanın müstəqilliklərinin 100 illiyi ilə əlamətdar olduğunu dedi. 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq məsələlərin müzakirə olunduğunu platforma olduğunu deyən xanım Ana Birçall forumda iştirakından məmnunluğunu ifadə etdi.

Qonaq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin forumun açılışında çıxışını, Azərbaycanın inkişafı naminə dövlət başçısının strateji baxışını və Azərbaycanda multikultural ənənələrin inkişafı və təşviqini yüksək qiymətləndirdi. 

Görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi dialoqun inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılqılı səfərlərin təşkili,  enerji, nəqliyyat, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunuldu. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımdan Hökumətlərarası birgə komissiyanın iclasının tezliklə keçirilməsi və biznes forumun təşkilinin vacibliyi qeyd olundu. 

Xanım Ana Birçall bildirdi ki, Rumıniya Azərbaycanın  Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını davamlı surətdə dəstəkləyir. 

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr apardılar. 

Nazir Elmar Məmmədyarov Cənub-Qərb nəqliyyat dəhlizinin inkişafı haqqında məlumat verərək bu xüsusda Qara dəniz vasitəsilə Rumıniya ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırdı. A.Berçell isə öz növbəsində Azərbaycanın strateji mövqeyə malik olduğunu vurğuladı, Rumıniyanın nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini və Qara dəniz və Xəzər dənizi arasında bərə nəqliyyatı ideyasını dəstəklədiyini qeyd etdi.

Rumıniyanın Baş nazirinin müavini bildirdi ki, Rumıniya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.