Əli Həsənov: Erməni separatizminin kökləri daxildən deyil, xaricdən qaynaqlanır


Siyasət 15 Mar 2018 19:14:00 252 0

Əli Həsənov: Erməni separatizminin kökləri daxildən deyil, xaricdən qaynaqlanır

Erməni separatizminin kökləri daxildən deyil, xaricdən qaynaqlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov VI Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan qlobal dünyanın bir hissəsidir: "Dünyada baş verənlər bizə də təsir edir. Azərbaycanda yaşanan hadisələr, həyata keçirilən siyasət də müəyyən qədər dünyada baş verən hadisələrə təsir göstərir".

Prezidentim köməkçisi bildirib ki, son 15 ildə Azərbaycan dünyanın enerji təminatı sahəsində alternativ təminatçı kimi əsas yerlərdən biri tutur: "Azərbaycan nəqliyyat-kommunikasiya əlaqələrində Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin mərkəzində dayanır. Azərbaycan özünün milli maraqlarını Avropanın və sivil dünyanın maraqlarına uyğunlaşdırır. Əlbəttə, bunu Azərbaycan xalqının maraqlarına söykənən istiqamətdə həyata keçirir. Odur ki, həm qlobal anlamda, həm də yerli anlamda müzakirəyə çıxarılan, Qlobal Bakı Forumunun gündəliyində dayanan məsələlər bilavasitə Azərbaycana aid olan məsələlərdir".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan çoxmillətli respublikadır: "Bizim respublikamızda multikutural, tolerant mühit var. Biz bu dəyərlərlə fəxr edirik, bütün dünyaya yayırıq. Eyni zamanda, Azərbaycanın üzləşdiyi təcavüzkar erməni separatizmi var. Bu separatizmin kökləri daxildən deyil, xaricdən qaynaqlanır. Onun kökundə ermənilərin Azərbaycana qarşı iddiaları, cinayətkar Ermənistan rejiminin Azərbaycanın ərazi bütövlüyünü pozması və bəzi beynəlxalq güclərin ermənilərin işğalçı siyasətini dəstəkləməsi dayanır".

Son.az