Prezident İlham Əliyev: Azərbaycanın iqtisadi siyasəti uğurlu olduğunu artıq sübut edib


Siyasət 15 Mar 2018 19:17:00 319 0

Prezident İlham Əliyev: Azərbaycanın iqtisadi siyasəti uğurlu olduğunu artıq sübut edib

Azərbaycanın iqtisadi siyasəti uğurlu olduğunu artıq sübut edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, bu da özlüyündə rekorddur: "Bizim islahatlarımız aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Davosda Dünya İqtisadi Forumunun Qlobal rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutur. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Beləliklə, biz dünyanın ən rəqabətqabiliyyətli 35 ölkəsindən biriyik. Düşünürəm ki, bu, müstəqilliyini cəmi 26 il əvvəl əldə edən ölkə üçün həqiqətən də böyük nailiyyətdir".

Azərbaycan Prezidenti bildirib ki, Davosda daha bir reytinq inklüziv inkişaf indeksinə aiddir və burada Azərbaycan üçüncü yeri tutur:

"Bizi cəmi 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə qabaqlayır. Bu bizim islahatlarımıza aparıcı beynəlxalq, siyasi və maliyyə institutları tərəfindən verilən qiymətdir. Bizim islahatlarımız yaxşı nəticələr verir. İslahatlar nəticəsində adambaşına düşən birbaşa investisiyalar baxımından aparıcı ölkələr sırasındayıq. Son 15 il ərzində bizim iqtisadiyyatımıza yatırılan investisiyaların ümumi həcmi 230 milyard dollardan çox təşkil edib. Bu məbləğin yarısı xarici investisiyaların payına düşür. Beləliklə, Azərbaycanın siyasəti uğurlu olduğunu artıq sübut edib. Əlbəttə, bu bizə nəinki ölkədə, eləcə də regionda investisiya yatırmağa, regional əməkdaşlıq üçün ən yaxşı platforma yaratmağa imkan verir".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan, əlbəttə, öz enerji ehtiyatları ilə məşhurdur: "Dünyada ilk neft quyusu Azərbaycanda, Bakıda qazılıb. Bu gün Azərbaycan öz enerji potensialını dünyaya açmış ölkədir. Biz xarici neft şirkətlərini Xəzər dənizində işləməyə dəvət etmiş ilk ölkəyik. Artıq 24 ildir davam edən bu əməkdaşlıq bizə və tərəfdaşlarımıza yaxşı nəticələr gətirir".

İlham Əliyev deyib ki, Azərbaycan qonşu və dostları ilə, Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi vacib nəqletmə layihələri həyata keçirib: "Hər iki boru kəməri bizim karbohidrogenlərimizi beynəlxalq bazarlara çıxarır. Azərbaycan Xəzər dənizinin qarşı tərəfindən neft tədarükü üçün tranzit ölkəyə çevrilib".

Prezident bildirib ki, bu gün Azərbaycan tərəfdaşları ilə enerji sektorunda "Cənub Qaz Dəhlizi" kimi ən iri infrastruktur layihələrindən biri üzrə geniş formatda sıx əməkdaşlıq edir. "Cənub Qaz Dəhlizi"nin tarixi layihə olduğunu qeyd edən İlham Əliyev vurğulayıb ki, bu dəhliz yeddi ölkəni birləşdirir və daha çox ölkəni cəlb etmək potensialına malikdir: "40 milyard dollar dəyəri olan bu layihə Azərbaycan təbii qazının istehsalı, nəqli və paylanmasını nəzərdə tutur. O, Bakıda başlayır və Avropada başa çatır. Beləliklə, bu, regionun və Avropanın enerji təhlükəsizliyinə həqiqətən də böyük töhfədir".

Dövlətimizin başçısı qeyd edib ki, enerji təhlükəsizliyi bir çox ölkələrin milli təhlükəsizliyinin tərkib hissəsidir: "Bu gün Azərbaycan nefti bir sıra Avropa ölkələrinin enerji balansının 40 faizə yaxınını təşkil edir. Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini də gücləndirəcək. Biz bu il "Cənub Qaz Dəhlizi" layihəsinin mühüm tərkib hissəsi olan "Şahdəniz-2"dən ilk qazı işə salacağıq".

İlham Əliyev bildirib ki, Azərbaycanla Gürcüstanı birləşdirən Cənubi Qafqaz qaz kəməri və Türkiyə ərazisindən keçən Transanadolu boru kəməri "Cənub Qaz Dəhlizi"nin ən vacib tərkib hissələridir: "Hər şey plana uyğun hərəkət edir və ümid edirəm ki, tezliklə bu layihənin tarixi işə salınmasını görəcəyik".

Daha sonra Prezident söyləyib ki, Azərbaycanla Türkiyə arasındakı regional əməkdaşlıq təkcə bu ölkələrə xeyir gətirmir, həm də bütün region üçün böyük əhəmiyyətə malikdir: "Ötən ilin oktyabrında daha bir tarixi layihəni - üç ölkə arasında dəmir yolunu istismara verdik. Əslində isə bu, qitələr arasında dəmir yoludur, çünki bu dəmir yolu Asiyadan Avropaya ən qısa nəql marşrutudur. Asiyadan Avropaya və geriyə mal tədarükü bir aydan çox deyil, iki həftə vaxt aparacaq".

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars qlobal əhəmiyyətli dəmir yolu layihəsidir: "Mən çox şadam ki, çox qısa müddət ərzində, istismara verilməsindən etibarən 6 aydan az bir vaxtda bu layihəyə artan marağı görürük. Biz Mərkəzi Asiyada, Avropada bu layihəyə böyük maraqla və ümidlə baxan yeni tərəfdaşlar görürük. Hazırda biz qarşılıqlı fəaliyyət mərhələsindəyik. Biz səylərimizi əlaqələndiririk, çünki bizə yalnız ən qısa marşrut deyil, eləcə də iqtisadi rəqabətqabiliyyətli marşrut lazımdır ki, yükləri təkcə vaxt baxımından yox, həm də xərc baxımından cəlb edə bilək. Bu, üzərində fəal işlədiyimiz məsələdir. Beləliklə, bu, həqiqətən də bizim beynəlxalq təsirə və beynəlxalq əhəmiyyətə malik fəaliyyətimizin ən mühüm hissəsidir".