Qlobal Bakı Forumunda “Meydana çıxan yeni güclər” mövzusunda müzakirələr aparılıb


Digərləri 15 Mar 2018 18:56:58 174 0

Qlobal Bakı Forumunda “Meydana çıxan yeni güclər” mövzusunda müzakirələr aparılıb

VI Bakı Qlobal Forumu çərçivəsində “Meydana çıxan yeni güclər” mövzusunda ikinci panel iclası keçirilib.

Bakı. VI Bakı Qlobal Forumu çərçivəsində “Meydana çıxan yeni güclər” mövzusunda ikinci panel iclası keçirilib. Trend-in məlumatına görə, iclasa moderatorluq edən Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa qlobal mənada yeni güclərin rolunun, onların dünyanın super gücləri ilə münasibətlərin, regionlardakı hadisələrə təsirlərinin müzakirə edilməsinin vacib mövzular olduğunu qeyd edib. Rumıniya Baş nazirinin müavini Ana Birçall bildirib ki, hansı güclərin meydanda olmasından asılı olmayaq onlar ilk növbədə əsas səylərini sabitliyin saxlanmasına yönəltməlidirlər. Avropa İttifaqının (Aİ) tərəfdaşları ilə əməkdaşlığından danışan Baş nazirin müavini hazırda əsas əlaqələrin ABŞ ilə aparıldığını bildirib. O, eyni zamanda Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində bir sıra postsovet ölkələri ilə münasibətlərin yaxınlaşmasına yönəlmiş layihələr həyata keçirdiyini, onların ilk növbədə sabitliyin daimi olması üçün nəzərdə tutulduğunu önə çəkib. Onun sözlərinə görə, Aİ-nin əsas prioriteti regionda daimi sülhün bərqərar olmasıdır. Pakistanın sabiq Baş naziri Şövkət Əziz ABŞ və Çinin iqtisadi və siyasi proseslərə təsirindən danışıb. O, xüsusən də Çinin “Bir kəmər – Bir yol” layihəsinin region üçün əhəmiyyətli olduğunu söyləyib. “Bəziləri bu layihənin gizlin məqamlarının olduğunu deyirlər. Əminliklə deyirəm ki, burada heç bir gizlin məqam yoxdur. Yalnız regionun iqtisadi rifahına yönəlib”, - deyə o bildirib. O, Türkiyənin geosiyasi rolunun artdığını və regionda daha bir güc mərkəzinə çevriləcəyini də diqqətə çatdırıb. Sabiq Baş nazir regiondakı problemlərin həlli üçün səmərəli dialoqun lazım olduğunu deyib: “Birqütblü dünyadansa, çoxqütblü dünyanın olması daha yaxşıdır. Ona görə yeni güclərin yaranması müsbət haldır”. Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev “yumşaq və sərt güc” anlayışları ilə bağlı fikirlərini bölüşüb. O, bunu ABŞ-ın timsalında şərh edib: “Bu ölkənin müharibələrə sərf etdiyi vəsait analitikləri dəhşətə gətirir. Amma ABŞ yumşaq gücdən də məharətlə istifadə edir. Bu, Hollivud filmləri, müxtəlif informasiya texnologiyaları, yaşam tərzi və sairədir. Bütün bunlar insanları ora cəlb edir. ABŞ təkcə silahla deyil, həm də təsir gücü ilə də insanların ürəyini ələ ala bilir”. Onun sözlərinə görə, dünyanın hər yerində mövcud olan güclər arasında ədalətli rəqabət olarsa, orada daim inkişaf olacaq. Albaniyanın sabiq Prezidenti Sali Berişanın fikrincə, yeni güclərin yaranması müasir dövrümüzdə ən əlamətdar geosiyasi hadisələrindən biridir. O, siyasi güclərin yaranmasını son 20-30 ildə dünyada baş verən iqtisadi artımla əlaqələndirib. S.Berişa güclərin bir-biri ilə toqquşmamasının, əksinə qlobal rifah naminə əməkdaşlıq etməsinin vacibliyinə diqqət çəkib. İsveç Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Mats Karlsson Çin və Rusiyanın təsir dairələrini genişləndirdiklərini, onların hər birinin bunun üçün fərqli üsullardan istifadə etdiklərini deyib. O, yeni güclərin hərəkətlərində beynəlxalq hüquq çərçivələrini aşmamalı olduqlarını önə çəkib. “Buna görə də beynəlxalq institutların rolu daha da artmalıdır”, - deyə o əlavə edib. M.Karlsson deyib ki, yeni yaranan güclər demokratik dəyərlərin geniş yayılmasına və dialoqun qurulmasına fikir verməlidirlər. Əks təqdirdə, gücdən istifadənin pis fəsadları qaçılmazdır. Qlobal Kiber Alyansının Baş icraçı direktoru Mari Kavaney virtual məkanda da dünya güclərinin öz təsir dairəsini genişləndirmək səylərinin mütəmadi xarakter daşıdığını bildirib. O deyib ki, kiber hücumların artdığı bir zamanda xəstəxanalar və digər sosial obyektlər təhlükə ilə üz-üzə qalırlar: “Biznes subyektləri isə mütəmadi olaraq bu cür hücumlara məruz qalır və son 6 ayda bunun sayı xeyli artıb. Odur ki, əlində böyük resurslar cəmləşdirən böyük güclərin qlobal əməkdaşlığına ehtiyac var” – M.Kavaney belə deyib. Benin Respublikasının sabiq Prezidenti Nikefor Soqlo Afrika qitəsində siyasi vəziyyətlə bağlı fikrilərini bildirib. O, bu qitənin əsrlər ərzində müstəmləkəçilik siyasətinin qurbanı olduğunu deyib. “Dünya gücləri daim Afrikaya bir təsir obyekti kimi baxıb. Yalnız XX əsrin ikinci yarısında Afrika ölkələri öz dövlətlərini qura biliblər. Amma təbii resurslarla zəngin olan bu qitə indi də varlı dövlətlərin təsirindədir”, - deyə o qeyd edib. Çıxışlardan sonra iclas müzakirələrlə davam edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin