Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı FOTO


Kriminal 15 Mar 2018 15:21:00 287 0

Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı  FOTO

Rusiya mənşəli kimyəvi silah tətbiq edilməklə zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripal və qızının məsələsinə görə Londonla Moskva arasında az qala müharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda "Dumanlı Albion"da Rusiyanın daha bir düşməninin meyiti tapılıb. 

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Londonda intihar edən (ən azı rəsmi versiyaya görə) keçmiş oliqarx Boris Berezovskinin dostu, "Aeroflot"un keçmiş maliyyəçisi Nikolay Qluşkovun öldüyü barədə Skripalın zəhərlənməsi hadisəsindən cəmi bir neçə gün sonra məlum olub. Rusiyada bu xəbəri "Vedemosti" qəzetinin sahibi Demyan Kudryavtsev yayıb. Bildirib ki, Qluşkovun meyitini ona baş çəkməyə gedən qızı Natalya evdə aşkar edib.

Nikolay Qluşkov

Britaniya mətbuatının yazdığına görə əvvəlcə Natalya Qluşkova atasının "boğularaq öldürüldüyünü" bildirib. Polis hadisəni araşdırıb və rusiyalı mühacirin "təbii səbəblərdən" öldüyü qənaətinə gəlib. Lakin ötən gün Qluşkovun ölümü ilə bağlı təhqiqata Böyük Britaniyanın antiterror polisi qoşulub. Onun evinin qarşısında çadır qurulub və mütəxəssislər hansısa nümunələr götürərək təhqiqat aparırlar.

"Kommersant" qəzeti yazıb ki, Qluşkov Berezovskinin dostu olmaqla bərabər Londonda polonium radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən keçmiş KQB polkovniki Aleksandr Litvinenkoya sui-qəsdi həyata keçirənlərdən biri, keçmiş FTX zabiti Andrey Luqovoyla da münasibətlərə malik olub. 68 yaşlı Qluşkovun Londonda mühafizəçilərsiz və xidmətçilərsiz yaşadığı bildirilir. O, 2000-ci illərin əvvəllərində "Aeroflot"da mənimsəmələrə görə tutulub və bir müddət həbsdə qalıb.

London, Nikolay Qluşkovun evinin qarşısı

Qəzetin yazdığına görə atasına baş çəkməyə gedən Natalya Qluşkova evdə onun ölüsünü tapıb. O, atasının meyitində boğulma əlamətləri müşahidə edib.

Natalya Qluşkova haqda məlumatlara görə onun haradasa 30 yaşı var, Moskva Dövlət Universitetini sosiologiya üzrə bitirib. Daha sonra London Vestminister universitetind təhsil alıb. Virtualaz.org araşdırıb ki, Natalya Qluşkovanın Azərbaycanla əlaqələri də var. O, Bakıda 2013-cü ildə açılan və eksklüziv kişi aksessuarları mağazasının həmsahibidir. Söhbət Bakının mərkəzində, A.Əlizadə küçəsində, Fransa səfirliyi yaxınlığında yerləşən "Vault Prive" kişi aksessuarları butikindən gedir.

Bu butik "yüksək keyfiyyətli kişi aksessuarları və diqqətlə seçilmiş brendlərdən sifarişlə malların çatdırılması" ilə məşğul olurdu. Hazırda butik işləmir. İnternet mənbələrində göstərilir ki, Natalya Qluşkova "Vault Prive" butiklər şəbəkəsinin əsasını qoyub və onun sahiblərindən biridir. O, əsasən Londonda, ara-sıra Moskvada yaşayır.