Valdis Zatlers: Bakı Qlobal Forumu artıq ənənə halını alıb


Digərləri 15 Mar 2018 15:03:00 191 0

Valdis Zatlers: Bakı Qlobal Forumu artıq ənənə halını alıb

"Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il bu forumun əhəmiyyəti daha da artır".

Bakı. Elçin Mehdiyev – Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il bu forumun əhəmiyyəti daha da artır. Trend-in məlumatına görə, bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə deyib. V.Zatlers bildirib ki, forum ketdikcə dünyada daha nüfuzlu platformaya çevrilir və burada aparılan müzakirələrin keyfiyyəti və iştirakçıların sayı artır. Keçmiş prezident vurğulayıb ki, bu forum eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur. O qeyd edib ki, Forumda dünyanın bir çox ölkələrinin keçmiş və indiki dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər iştirak edirlər: "Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib”. Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər. Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar. Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin