İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının yeganə səbəbi Ermənistanın işğal olunmuş əraziləri azad etmək istəməməsidir"


Siyasət 15 Mar 2018 14:26:00 259 0

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının yeganə səbəbi Ermənistanın işğal olunmuş əraziləri azad etmək istəməməsidir"

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının yeganə səbəbi Ermənistanın işğal olunmuş əraziləri azad etmək istəməməsidir".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev bildirib: "Təəssüf ki, Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə və işğala məruz qalıb, bu ölkə Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal edib. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

Dövlət başçısı xatırladıb ki, Ermənistan hərbi cinayət - Xocalı soyqırımını törədib: "Bu soyqırım 10-dan çox ölkə tərəfindən tanınıb. Xocalıda qətliam nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 1000-dən çox şəxs itkin düşüb".

Prezident vurğulayıb ki, bu cinayət insanlıq əleyhinə yönəlib və Azərbaycana qarşı təcavüz siyasətinin bir hissəsi olub:

"Dağlıq Qarabağ bizim qədim torpağımızdır və əsrlər boyu bu ərazilərdə azərbaycanlılar yaşayıblar. İndi bizim işğal olunmuş ərazilərimizdə hər şey - tarixi tikililər, abidələr, məzarlar və s. dağıdılıb. Bu, işğal olunmuş ərazilərə göndərilmiş ATƏT-in iki qiymətləndirmə missiyasının hesabatlarında da əks olunub".

Azərbaycan Prezidenti bildirib ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. İlham Əliyev, həmçinin 1990-cı illərdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri xatırladıb:

"Təəssüf ki, bu qətnamələr icra olunmur və 20 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ölkəyə - Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar analoji qətnamələr qəbul ediblər. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu münaqişənin həll olunmamasının yeganə səbəbi odur ki, Ermənistan işğal olunmuş əraziləri - təkcə Dağlıq Qarabağı deyil, həm də işğal altında olan yeddi ətraf rayonu azad etmək istəmir".

Prezident deyib ki, status-kvo qəbulolunmazdır və dayanıqlı deyil: "Bu bizim mövqeyimiz deyil, bu, dünyanın aparıcı ölkələrinin, xüsusən də ATƏT-dən bu münaqişədə vasitəçilik mandatı olan ABŞ, Rusiya və Fransanın mövqeyidir. Bu ölkələrin prezidentləri bir çox hallarda açıq şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və onu dəyişmək lazımdır. Status-kvonu dəyişdirmək zəruridir, Ermənistan dərhal öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmağa başlamalı və Azərbaycan xalqına doğma torpaqlarına qayıtmağa imkan verməlidir".

Dövlət başçısı bildirib ki, bu münaqişə müasir tarixdə təkcə ən böyük ədalətsizlik deyil, həmçinin çox da stabil olmayan regionda daimi təhdid və qeyri-sabitlik mənbəyidir:

"Buna görə də münaqişənin beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında tez bir zamanda həlli zəruridir və bu halda bizim regionumuzda sülh bərqərar olacaq".