Sosial problemlərin həlli əsas prioritet kimi


Digərləri 15 Mar 2018 07:41:00 212 0

Sosial problemlərin həlli əsas prioritet kimi

Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsidir

Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsidir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi həyatında böyük dəyişikliklər baş verib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən sonra sabitliyin bərpası, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial durumunun, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifələr kimi dayanıb. Ölkə iqtisadiyyatının bütün sahələrində köklü islahatlara start verilib, bir sıra yeniliklər tətbiq edilib, müasir dövrün tələblərinə uyğun yeni-yeni istehsal müəssisələrinin yaradılmasına başlanılıb. 2003-cü ildən sonra da iqtisadi sahədə bir çox uğurlara imza atılıb. İqtisadi sahədə yeni layihələrin icrasına başlanılıb. Azərbaycanın bölgələrinin inkişafında müşahidə olunan vəziyyət isə mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin daha da yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edib. Buna görə də müxtəlif vaxtlarda 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramları qəbul olunub. Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm halqalarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olub. 

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Ümumi götürsək, 2003-cü ildən indiyə qədər iqtisadiyyat 3 dəfədən çox artıb, çoxsaylı istehsal müəssisələri yaradılıb. İndiyə kimi 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir. İqtisadiyyata 230 milyard dollardan artıq sərmayə qoyulub, valyuta ehtiyatlarımız 23 dəfə artıb. 2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min 300 kilometr yol inşa edilib, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Bütün bunların sayəsində Azərbaycandakı işsizlik səviyyəsi 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 49 faizə bərabər olub. Bundan başqa, əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində sosial sahədə həyata keçirilən tədbirlər nəticəsində maaşlar və pensiyalar dəfələrlə artıb. Qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb, bu vaxta qədər sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.

2017-ci ildə də Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib. İl ərzində infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, sözügedən məqsədlər üçün böyük vəsait ayrılıb. Elektrik təchizatı daha da yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, qazlaşdırma 93 faizə çatdırılıb, 100 min hektardan çox sahə suvarılmağa başlanıb, 1300 kilometr avtomobil yolu, o cümlədən beş yüzdən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilib. Ötən il sosial infrastrukturla bağlı da çox ciddi addımlar atılıb - 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə cari təmir aparılıb. Bununla yanaşı, 2017-ci il ərzində ölkənin müxtəlif regionlarında 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib, iki Olimpiya İdman Kompleksi istifadəyə verilib. 

Bütün bunlarla paralel sosial sahədə atılan addımları xüsusi qabartmaq istərdik. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Eyni zamanda, bir qədər əvvəl vurğuladığımız kimi, son illər ərzində maaş və pensiyalar dəfələrlə artıb. Bu, həyata keçirilən sosial siyasətin əyani təzahürüdür. Bundan başqa, ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. 2018-ci ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin, o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin, 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.