Dövlət nazirinin müşaviri: “Yeni proqram Gürcüstanda etnik gənclər üçün geniş imkanlar açacaq”


Siyasət 15 Mar 2018 00:35:31 319 0

Dövlət nazirinin müşaviri: “Yeni proqram Gürcüstanda etnik gənclər üçün geniş imkanlar açacaq”

"Bu həm də, etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə təkan verəcək"

© Report

Tbilisi. 15 mart. REPORT. AZ/ “Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin ölkədə milli azlıqların inteqrasiyası və gənclərin dövlət strukturlarında təcrübə keçməsi ilə bağlı hazırladığı yeni proqram etnik azlıqların inteqrasiyasına təkan verəcək”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov söyləyib.

Onun sözlərinə görə, proqramın əsas məqsədlərindən biri də ölkədəki gənclərə etnik və dini mənsubiyyətindən asılı olmayaraq ictimai həyatın bütün sahələrində özlərini tamhüquqlu vətəndaş olduqlarını hiss etdirməkdir. Bu proqram gənclərin gələcək karyeraları üçün geniş imkanlar açacaq, etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə təkan verəcək.

A.Məmmədov deyib: “Dövlətin qəbul etdiyi “1+4” proqramı çərçivəsində dövlət dilini öyrənməklə etnik azlıqları təmsil edən tələbə-gənclər dövlət və yerli özünü idarəetmə orqanlarında təcrübə keçəcəklər. Bu yolla onlar həm də, gələcək iş yerlərini müəyyən edəcəklər”.

“Düşünürəm ki, hər bir gənc bu proqramın mahiyyətini dərk edəcək və öz gələcək karyeralarını qura biləcəklər”, - deyə, A.Məmmədov vurğulayıb.