Novruz süfrəsi bir ailəyə neçəyə başa gəlir? –


Digərləri 14 Mar 2018 22:05:00 544 0

Novruz süfrəsi bir ailəyə neçəyə başa gəlir? –

Artıq Novruz bayramına sayılı günlər qalıb. Demək olar ki, hər bir yerdə bayram ab-havası duyulur. Novruzun elçisi olan çərşənbələr bir-bir arxada qalır və hər kəs sonuncu çərşənbəyə hazırlaşır. Məlum olduğu kimi, bu il ilaxır çərşənbə ilə Novruz bayramı eyni günə düşür. Bu çarpazlaşmanın özü belə, insanlarda bayram əhvalını daha da yüksəldir. Evlərdə bahar təmizliyi edilir, nimçələrdə səmənilər göyərdilir, uşaqlara bayram paltarları alınır. Novruz bayramı həm də bolluq, bərəkət bayramıdır və hər kəs istəyir ki, bayramı layiqincə qarşılasın. Bayramın atributları olan şəkərbura, paxlava, qoğalın ətri hər bir evdən gəlsin, bayram süfrələrinin şahı qaralı aş dəmlənsin. Təbii ki, bütün bu hazırlıqlar üçün əvvəlcə Novruz alış-verişi etmək lazımdır. Bəs Novruz süfrəsini açmaq bir ailəyə neçəyə başa gəlir?

Son.az lent.az-a istinadən bazarlardakı mövcud qiymətlərlə maraqlanıb.

Qeyd edək ki, bütün metrostansiyaların yaxınlığında bayram yarmarkaları quraşdırılıb. Həmin yarmarkalarda bayram bazarlığı üçün lazım olan məhsulların digər bazardakılardan nisbətən ucuz olduğu bildirilir. Əməkdaşımız Koroğlu və Xətai metrostansiyalarının yaxınlığındakı yarmarkalara baş çəkərək, satılan mallar və qiymətlərlə tanış olub.

"Üç badam, bir qoz..."

Yarmarkalarda alıcılar kifayət qədər idi. Özü də daha çox qoz və fındıq ləpəsi almağa üstünlük verirlər. Sürəyya xala söylədi ki, digər bazarlarda qoz və fındıq ləpəsini 20 manatdan aşağı tapmaq mümkün deyil: "Bayramda şirniyyat bişirmək üçün əsas qoz-fındıq ləpəsinə ehtiyac olur. Nəvələrim mən bişirən şirniyyatları xoşlayır. Ona görə də mütləq şəkərbura, paxlava, qoğal bişirirəm ki, onlar gələndə doyunca yesinlər. Amma bir iki bazara baş çəkib gördüm ki, yaman bahalıqdır. Yarmarkaya gəldim. Burada qiymətlər nisbətən ucuzdur. Qoz, fındıq, badam ləpəsinin hərəsindən 1 kilo aldım".

Novruz süfrəsində özünəməxsus yeri olan innab, badam, püstə, yapon xurması, iydə isə alıcıların ən çox aldıqları çərəzlər arasındadır. Nazim adlı alıcı deyir ki, bu çərəzləri başqa vaxt yeyəndə o qədər də ləzzətli olmur: "Novruz süfrəsinin ən dadlı nemətləridir bunlar. Uşaqlar papaq atanda o çərəzlərdən də mütləq qoymaq lazımdır. Biz uşaq olanda bu cür bolluq olmurdu. Ya da almağa pulumuz yox idi. Qapılara papaq atanda həmin çərəzlərdən papağa qoyardılar. Elə ləzzətlə yeyərdik ki... Uşaqlıq xatirələrimi yada salır. Ona görə bu çərəzlərdən bolluca alıram ki, uşaqlar torba atanda evdə onun içinə qoysunlar".  

Yeri gəlmişkən qeyd edək ki, yarmarkada qabıqlı və qabıqsız çərəzlərin qiyməti aşağıdakı kimidir.

Qoz ləpəsi -  18-19 manat

Fındıq ləpəsi - 13.70

Qovrulmuş fındıq ləpəsi - 14.50, 16.50

Araxis - 3.80   

Badam - 9.50

Badam ləpəsi - 22 manat

Şabalıd - 9 manat

İydə - 6 manat

Xurma - 1.50

İnnab - 4.50

Albuxara - 7 manat

Qaysı - 7.50

Yarmarkada meyvə-tərəvəzin qiyməti isə belədir.

Armud - 1 manat

Portağal - 2 manat

Kivi - 2.50

Alma - 1 .50, 1.60  

Naringi - 2.50  

Heyva - 2 manat  

Qreypfrut - 2.30  

Banan - 3 manat

Badımcan - 1.80

Çuğundur - 80 qəpik

Kələm - 20 qəpik

Kartof - 1 manat - 1.10     

Soğan - 60 qəpik