Ayıb hansıdır: məktəbli yaşda abort,


Digərləri 14 Mar 2018 21:25:00 237 0

Ayıb hansıdır: məktəbli yaşda abort,

Son.az lent.az-a istinadən Aliyənin yazısını təqdim edir

Son 3-4 ildə abort etdirən məktəblilərin sayı 1200-ü keçib.

Mətbuatın gündəmində olan bu xəbər orta statistik oxucunun beynində "qız uşağı, abort, məktəb, əxlaqsızlıq" kimi lağımlara düşür. Hələ bu oxucunun "oxutmuram əl çəkin!" kimi genetik yaddaşı varsa, lap dərinə düşür.

Halbuki məsələ belə deyil.

Sakitləşib bu bir cümləlik xəbərdə öz payımızı axtarmalıyıq. Məsələn, azyaşlı halda evləndirilən uşağın toyunda iştirak edəndə, "Biologiya" dərsliyində cinsi inkişaf, cinsi əlaqə kimi mövzuların üstündən keçəndə və ya onu sərbəst oxu kimi verəndə, kitabda, dəftərdə, hər yerdə bu mövzunun yükünü qadının çiyinlərinə qoyanda, qadın məsləhətxanaları olduğu halda kişilər üçün hansısa konsultasiya və ya maarifləndirici mərkəzlərin olmamasını təbii qəbul edəndə, hətta bir bədii əsər yazanda belə bu statistikada iştirak etmədikmi?

Cinsi münasibətlər mədəniyyəti, hamiləlikdən qorunma etikası kimi məsələlər haqda, bu məsələdə kişinin də məsuliyyətli olması haqqında ümumiyyətlə bir dərslikdə, bir kitabda belə danışılmır. Qadını tanımaq yalnız onun bədənini tanımaq deyil, onun problemlərini, onun yaşadıqlarını bölüşməkdir.

Bəzən Nobel mükafatlı yazıçılar belə bunu bacarmırsa, deməli, öyrətmək lazımdır.

Rus yazıçısı Buninin "Kənd" povestində unutmadığım bir epizod var. Qəhrəmanlardan biri Deniska fahişələrin aclıq çəkdiyini danışır və deyir: "Onlar elə ac idilər ki, aldıqları çörəyi kişinin altındaca çeynəyib udurdular".

İllər sonra tibb jurnalından oxuduğum bir məlumat Deniskanın təəssüratını yadıma saldı: sən demə, cinsi əlaqə zamanı çörək çeynəməklə hamiləlikdən qorunmaq mümkün imiş. Bu zaman həzm sistemi işləyir və orqanizm özünün mayalanma funksiyasını "unudurmuş". Deniska bunu düşünə bilməzdi. Bunin də çox güman ki, bu haqda düşünməmişdi.

Ümumiyyətlə, nə qədər kişi bu haqda düşünür? Bu münasibətləri yükünün qadınla birgə bölüşmək ağlına gəlirmi?

Necə olur ki, ölkədə yalnız qadın məsləhətxanaları var? Onlar da qadına yalnız abort və qorunmaqda yardım göstərir, hər hansı psixoloji dəstəkdən, maariflənmədən söhbət getmir.

Kişi abortun qadına psixoloji, fiziki müdaxilə olmasını düşünürmü, tərəf kimi münasibətlərin ağırlığını qadının tək daşımasına görə narahat olurmu?

Bunu kitabdan oxumayıbsa, məktəbdə keçməyiblərsə, ətrafda görməyibsə haradan biləcək? Bilməyəcək və təbii qəbul edəcək. Beləcə qadınla kişi bir-birini tanımadan bir yerdə yaşayacaq, oğul uşaq, nəvə-nəticə sahibi olacaq, tanış olmadan bir yastıqda qocalacaqlar. Ya da heç yaşaya bilməyəcək, ən aid məişət səbəblərindən bir-birini baltalayıb öldürəcək, kriminal verilişlərdə TV-dən müsahibə verəcək, həbsxanada həmcinsləri ilə cəza çəkəcək, bir-birinə göstərib güldükləri, utandıqları "ayıb mövzu"nun bədəlini ödədiklərini belə bilməyəcəklər.

"3-4 ildə 1200 məktəbli abort etdirib" xəbəri çox ciddi problemlərdən xəbər verir.