ICOM Azərbaycan Milli Komitəsindən möhtəşəm Novruz layihəsi


Digərləri 14 Mar 2018 21:25:04 235 0

ICOM Azərbaycan Milli Komitəsindən möhtəşəm Novruz layihəsi

Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçiriləcək.

Bakı. ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycan xalqının milli bayramı – Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçiriləcək. Trend-in məlumatına görə, layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri – şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək. Layihə haqqında danışan ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikovanın sözlərinə görə, burada əsas məqsəd xalqımızın milli adət-ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir: “Hər bir azərbaycanlı üçün Novruz bayramı bahar fəslinin gəlişi, təbiətin oyanması ilə yanaşı, həm də xalqımızın birlik və paylaşmaq bayramı kimi xarakterizə olunur. Çünki məhz bu bayramda qadınlar, qohumlar, qonşular bir araya gələrək şirniyyatlar, müxtəlif təamlar hazırlayar, daha sonra bir-birlərinə bişirdiklərindən pay-sovqat aparar, hamının süfrəsində mütləq bu şirniyyatlardan olardı. Milli-mədəni, maddi dəyərlərimizin qorunması və yeni nəslə çatdırılması muzey işçilərinin, bütövlükdə hər bir vətənpərvər vətəndaşın ən ümdə vəzifəsidir. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib”.