Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTACda olublar


Digərləri 14 Mar 2018 20:26:25 289 0

Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTACda olublar

Şenol Kazancı: "AZƏRTAC-ın timsalında Azərbaycanın iki böyük beynəlxalq media qurumuna sədrlik etməsi bizim üçün qürurvericidir"

Türkiyənin Anadolu agentliyinin baş direktoru Şenol Kazancı və TRT telekanalının rəhbəri İbrahim Eren AZƏRTAC-da olublar.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə Azərbaycan-Türkiyəarasında bütün istiqamətlərdə, o cümlədən media sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Qeyd olunub ki, AZƏRTAC və Anadolu uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Hazırda AZƏRTAC-ın eyni vaxtda Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik etdiyini diqqətə çatdıran baş direktor Anadolu-nun daim AZƏRTAC-a dəstək verdiyini, iki agentliyin səmərəli informasiya mübadiləsi apardığını vurğulayıb. Görüşdə türkdilli agentliklərin bu təşkilatlarda fəaliyyətinin genişləndirilməsi, eyni zamanda, hazırda AZƏRTAC-ın sədri olduğu Türkdilli İnformasiya Agentlikləri Birliyinin növbəti iclasının toplanması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Anadolu agentliyinin baş direktoru Şenol Kazancı iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, Türkiyə və Azərbaycan arasında əlaqələrin nümunəvi yaxınlığı ilə seçildiyini qeyd edib. "AZƏRTAC-ın timsalında Azərbaycanın iki böyük beynəlxalq media qurumuna sədrlik etməsi bizim üçün qürurvericidir", - deyən Ş.Kazancı Anadolu-nun bundan sonra da AZƏRTAC-ın təşəbbüslərinə dəstək verəcəyini bildirib.