Bakıda Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)


Digərləri 14 Mar 2018 19:35:00 245 0

Bakıda Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)

“Nizami və milli ədəbiyyat – mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda” mövzusunda panel iclası keçirilib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün Bakıda işinə başlayan “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” beynəlxalq elmi konfransı çərçivəsində “Nizami və milli ədəbiyyat – mədəniyyət nəzəriyyələri dəyişən sərhədlər diskursunda” mövzusunda panel iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin moderatorluğu ilə keçən iclasda mövzuya dair müzakirələr aparılıb. İclasda Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva, Tbilisi Dövlət Universitetinin professoru Irakli Kençoşvili, Finlandiyanın Helsinki Universitetinin professoru Eero Tarasti, Qazaxıstan Milli Universitetinin professoru Anuar Qaliyev və Bakı Slavyan Universitetinin prorektoru Rafiq Novruzovun Nizami irsinin müxtəlif aspektlərinə dair, eləcə də Nizami yaradıcılığının başqa xalqların ədəbiyyatına təsiri ilə bağlı məruzələri dinlənilib. Konfrans çərçivəsində “Arxetiplər və təkrarlanan mədənyyətlər” panelində nizamişünas alimlər - Braziliyadan Sudha Svarnakar, Fransadan İnkar Kuramayeva, Hindistandan Naseem Ahmad Şah, Azərbaycan Universitetinin müəllimi Qorxmaz Quliyev, mədəniyyət.az jurnalının redaktoru Zöhrə Əliyeva, AMEA Ədəbiyyat İnstitutundan Zəhra Allahverdiyeva çıxış edərək Nizami irsinin müxtəlif aspektlərinə nəzər salıblar. Sessiyada Nizami poeziyasında qadınların qeyri-səciyyəvi təsviri, “Xəmsə”nin Şərq Renessansının ortaq dəyərlər xəzinəsi və digər mövzularda müzakirələr aparılıb. “Milli kimlik: ortaq keçmiş və onun müasir interpretasiyası”na həsr olunmuş panel iclasda AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzindən Xəlil Yusifli, Bakı Slavyan Universitetindən Bella Musayeva, AMEA-nın Ədəbiyyat İnstitutundan Mahirə Quliyeva iştirak edib. Sessiyada Nizami yaradıcılığı müasir multikulturalizm kontekstində, Nizaminin “Sirlər Xəzinəsi və Quran və başqa mövzularda fikir mübadiləsi aparılıb.