Sofiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub


Digərləri 14 Mar 2018 19:27:44 253 0

Sofiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

“Əli və Nino” filmi nümayiş olunub.

Bakı. Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması kontekstində Sofiya Beynəlxalq Film Festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub. Səfirlikdən Trend-ə verilən məlumata görə, gecədə Bolqarıstan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Sofiya Şəhər Meriyası, eləcə də Bolqarıstanın digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, həmçinin Film tənqidçilərinin Beynəlxalq Federasiyasının (FİPRESCİ) Baş katibi Klaus Eder, Bolqarıstan Film tənqidçilərinin Gildiyasının sədri Bojidar Danev və digər kino xadimləri iştirak edib. Festival Bolqarıstanda ən böyük festival olub Mərkəzi və Şərqi Avropada əsas film tədbirlərindən hesab olunur. Sözügedən festival 2010-cu ildə Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİARP) tərəfindən akkreditə olunmuşdur və Bolqarıstanda FİARF tərəfindən tanınan yeganə film festivalıdır. Gecənin açılışında çıxış edən səfir 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, belə ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu, AXC-in yaranmasının Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu söyləyib. Səfir 100 bundan öncə qadınlara səsvermə hüququ verən AXC-in müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını əlavə edib. N.Qurbanova qonaqlara 2018-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğu və AXC-in layiqli davamçısı olan Azərbaycan hökuməti tərəfindən bu əlamətdar hadisənin qeyd edilməsi ilə bağlı il ərzində nəinki ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda silsilə tədbirlərin keçiriləcəyi barədə məlumat verib. Səfir N.Qurbanova cari ilin həmçinin Azərbaycan milli kinematoqrafiyasının 120 illik yubileyi ilə əlamətdar olduğunu bildirib. Səfir milli kinematoqrafiyamızın ilk qısametrajlı səssiz filmi olan “İlişdin” filminin 2 avqust 1898-ci il tarixində nümayiş olunduğunu və həmin tarixin Azərbaycan milli kino günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.