Tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı xüsusi imtiyazlar ləğv edilə bilər


Digərləri 14 Mar 2018 18:58:44 178 0

Tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı xüsusi imtiyazlar ləğv edilə bilər

Gömrük sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artımı, eləcə də gömrük işinin təşkili sahəsində görülən işlərdən danışıb. A.Əliyev qeyd edib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektlərilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri Azərbaycanda Amerika Ticarət Palatası ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. A.Əliyev Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Palata üzvləri arasında vaxtaşırı keçirilən görüşləri xatırladaraq bu faydalı əlaqələrin daha da gücləndiriləcəyinə və inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini bildirib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. Görüşdə, eyni zamanda, Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri tərəfindən təqdim olunan bir sıra məsələlər barəsində müzakirələr aparılıb. Belə ki, palata üzvləri kontrafakt məhsullara qarşı mübarizə,paralel idxal,qacaqmalçılığa, xüsusilə aksizli malların qaçaqmalçılığına qarşı mübarizə tədbirləri, gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələlər, gömrük təmsilçiliyi ilə əlaqədar yaranan problemlər, xüsusilə gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişi, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə qaydaları və.s məsələlərlə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıblar. Kontrafakt məhsullara, eləcə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində aparılan işlərdən ətraflı bəhs edən DGK sədri konkret olaraq aksizli malların qaçaqmalçılığına gəlincə, gömrük orqanlarının bu kimi hallara qarşı da qətiyyətli mübarizə apardığını, lakin bəzi hallarda tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulan xüsusi imtiyazlardan kommersiya məqsədləri üçün istifadə edildiyini, bu kimi halların qarşısının alınması üçün artıq müəyyən təkliflərin hazırlanaraq hökumətə təqdim olunduğunu diqqətə çatdırıb.