Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb


Digərləri 14 Mar 2018 18:34:00 272 0

Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb

Şahin Mustafayev İranın Sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri ilə görüşüb.

Bakı. İrana səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və İran xalqlarının tarixən yaxın olduğunu, dövlət başçılarının əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, son 4 ildə keçirilmiş 10 yüksək səviyyəli görüş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair qərarların qəbul olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, məhz bu görüşlərin, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinin geniş olması da əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Ş.Mustafayev Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu qeyd edərək, nəqliyyat dəhlizinin Avropa ilə Asiyanı birləşdirəcəyini vurğulayıb. Azərbaycan və İranın səmərəli iqtisadi əməkdaşlığında Neftçalada avtomobil zavodunun rolunu qeyd edən iqtisadiyyat naziri ildə 10 min avtomobil istehsal etmək gücündə olacaq müəssisənin ölkələrimizin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. Bununla yanaşı, İranla birgə Azərbaycanda avtobus və kənd təsərrüfatı texnikası istehsal edən müəssisənin yaradıla biləcəyini, bu istiqamətdə danışıqların davam etdirildiyi bildirilib. Nazir Naxçıvan Muxtar Respublikasının Azərbaycan üçün strateji əhəmiyyətini qeyd edərək, buraya investisiya qoyuluşunun səmərəliliyini vurğulayıb.