Sürix protokollarından imtina:


Dünya 14 Mar 2018 17:11:00 242 0

Sürix protokollarından imtina:

Artıq keçmiş prezident adlandırılan Serj Sarkisyan mart ayının 1-də Təhlükəsizlik Şurasının iclasında 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokollardan imtina etdiyini söyləyib.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, həmin sənədlərdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri ümumi şəkildə əks olunmuşdu. İrəvan təntənəli surətdə bəyan edib ki, məhz o, həmin protokolları lüzumsuz sayır. Ermənistandakı siyasi və analitik dairələr bu hadisəni onlara məxsus dar düşüncə ilə "təhlil" etməkdədirlər. Onlar az qala S.Sarkisyanın bu addımını qəhrəmanlıq kimi qələmə verirlər. Real olaraq isə növbəti dəfə Ermənistan rəhbərliyinin və onun təbliğatçılarının nə qədər aciz və həqiqətdən uzaq olduqları məlum oldu. Bunu regiondakı vəziyyətlə az da olsa tanış olanlar çox yaxşı bilirlər. Biz məsələnin müəyyən aspektlərini təhlil etməyə qərar verdik.

Təcavüzkarın "əməkdaşlıq prinsipləri", yoxsa tərsinə sülhpərvərin göz yaşları

Ermənistanın siyasi rəhbərlərinin məntiqdən və ədalətdən kənar addımlarına artıq hamı alışıb. Məhdud siyasi təfəkkürlə müstəqillik xəyalında olan zavallılar hansı gülünc vəziyyətə düşdüklərinin fərqində belə deyillər. Onlar qəfəsdə oturub, dünyanın görmədiyi bir mövqedən ağıllarına və xəstə başlarına nə gəldi deməyi dövlət maraqları, siyasi uzaqgörənlik, yaxud sarsılmaz siyasi iradə kimi qələmə verməyə çalışırlar. Buna məlum türk-erməni protokolları adlanan sənəd ətrafında İrəvanın apardığı ucuz və kimsə üçün əhəmiyyəti olmayan şou da dəlalət edir.

Əvvəlcə həmin sənədin qısa tarixçəsi haqqında. 2009-cu ildə İsveçrənin Sürix şəhərində başlıca olaraq Qərb dövlətlərinin israrı ilə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasını və ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan iki sənəd imzalandı. Onlardan biri "Ermənistan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin yaradılması haqqında" Protokol, digəri isə "Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli əlaqələrin inkişafı haqqında" Protokol adlanırdı.

Birinci sənədin 3, 4, 5 və 8-ci bəndlərində müvafiq olaraq vurğulanır: "bərabərlik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, başqa dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə hörmət etmək" (3-cü bənd), "güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinmək, mübahisələrin sülh yolu ilə həlli, insanın təməl haqq və hüquqlarına hörmət etmək" (4-cü bənd), "beynəlxalq hüququn uyğun müqavilələri əsasında iki ölkə arasında ümumi sərhədin mövcudluğunu təsdiq etmək" (5-ci bənd) və "terrorizm, zor tətbiqi və radikalizmin bütün formalarını qınamaqla və bu kimi hərəkətlərə qarşı dözümlülükdən və onları stimullaşdırmaqdan çəkinməklə onlarla mübarizədə əməkdaşlıq etmək" (8-ci bənd) (bax: Протокол об установлении дипломатических отношений между Республикой Армения и Турецкой Республикой / "Кавказский Узел", 11 dekabr 2009).

İkinci sənəddə isə yazılıb: "iki dövlətin regionda sabitlik və təhlükəsizlikdə əməkdaşlıqda ümumi məqsəd daşıdıqlarını nəzərə alaraq..." (5-ci bənd), "beynəlxalq hüququn norma və qaydaları əsasında regional, millətlərarası münaqişələrin sülh yolu ilə həllinə öz sədaqətliliyini təsdiq edərək..." (6-cı bənd), "beynəlxalq ictimaiyyətin terrorizm, millətlərüstü cinayətkarlıq, narkotiklər və silahların qanunsuz dövriyyəsi ilə mübarizəsində ifadə olunan regionda və dünyada sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı yönəlmiş hərəkətlərinə aktiv dəstək vermək" (7-ci bənd) (bax: Протокол о развитии двусторонних отношений между Республикой Армения и Турецкой Республикой / "Кавказский Узел", 11 dekabr 2009).

Ermənilər və onların havadarları arasında vicdanı və ədalət hissi olanları varsa, yuxarıda vurğulanan bəndlərdən hansına İrəvanın əməl etdiyini, yaxud buna hazır olduğunu təsdiq etsin! İllah ki, imkansızdır! Çünki nə 2009-cu ilə qədər, nə də ondan sonra Ermənistan müstəqil dövlət ola bilmədi. O, daim kənardan təhrik edilərək, qonşularına qarşı qərəzli və təcavüzkar mövqe tutdu. Xüsusilə Azərbaycan və Türkiyəyə münasibətdə zərrə qədər də ağıl, ədalətlilik və rasionallıq nümayiş etdirmədi. Əksinə, həmişə danışıqları dalana dirəməyə çalışdı, qonşu ölkənin ərazi bütövlünü pozduğunu, azərbaycanlıların hüquqlarını şovinistcəsinə tapdaladığını və zəbt etdiyi torpaqlardan rədd olmaq zərurətini qəbul etmədi.

Günahkar sülhdən qaçır: Ermənistan destruktivliyində qalır