Son on ildə Azərbaycan əsrlərə bərabər yol keçib


Digərləri 14 Mar 2018 17:14:00 369 0

Son on ildə Azərbaycan əsrlərə bərabər yol keçib

Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi dayanır

Ölkədə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət Azərbaycanın bütün sahələrdə uğur əldə etməsilə nəticələnib. Təbii ki, əldə olunan bu inkişaf həm ölkəmizin güclənməsinə, həmçinin də insanların sosial-rifah halının daha da yaxşılaşmasına öz təsirini göstərib. Azərbaycan istənilən bir sahədə əldə etdiyi tərəqqiyə, inkişafa görə bölgənin lider, öndə olan dövlətidir. Azərbaycanın istəyi və razılığı olmadan bölgədə hər hansı bir layihəni həyata keçirmək qeyri-mümkündür. Ölkəmiz yerləşdiyi regionun iqtisadiyyatının 85 faizini özündə formalaşdırır. Sözün əsil mənasında sadalanan faktlar 27 il müstəqillik tarixi olan bir ölkə üçün çox böyük uğurdur. Azərbaycan bu gün dünyada rəqabətqabiliyyətliyinə görə ön yerdə dayanır. Son illər ərzində ölkəyə milyardlarla sərmayə qoyulub. Qeyri-neft sektoru, sənayemiz uğurla inkişaf etdirilir. Bu gün Azərbaycanda neft gəlirləri insan kapitalına çevirlir, dövlət hesabına minlərlə gəncimiz dünyanın ən yaxşı ali məktəblərində təhsil alır, Azərbaycan artıq kosmik ailənin üzvlərindən birinə çevirilib. İnsanlarımızın sosial təminatı ildən-ilə yaxşılaşır.

Azərbaycanın şərəfli tarixi

Vəkil Rövşən Qasımov deyir ki, bütün bunlara birdən birə nail olunmayıb: "Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. O da etiraf edilməlidir ki, peşəkar ordusu olan ölkənin müstəqilliyi də əbədidir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər". Onun bildirdiyinə görə, son on ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin dünyadakı nüfuzu artıb. Ölkədə həyata keçirilən düşünülmüş xarici siyasət bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunub. Azərbaycanda hökm sürən daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsini tmin edib. Hazırda həyata keçirilən, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılıb. Demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmaqdadır. Heç şübhəsiz ki, bunun kökündə müasir Azərbaycanın gerçəklikləri-ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi təşkil edir".