Vaşinqtonda dünyanı düşündürən dəyişiklik - kəşfiyyat şefi dövlət katibi oldu - ŞƏRH


Digərləri 14 Mar 2018 16:13:00 138 0

Vaşinqtonda dünyanı düşündürən dəyişiklik - kəşfiyyat şefi dövlət katibi oldu - ŞƏRH

İstefalardan belə qənaətə gəlmək olar ki, Tramp bundan sonra yeni komanda formalaşdıracaq

 ABŞ-dakı demokratiya beynəlxalq ictimaiyyəti təəccübləndirməkdə davam edir. Donald Trampın ABŞ prezidenti seçilməsi kimi, fəaliyyəti də heyrətamizdir. Bu şəxs, təxminən, 1 il 2 ay olar ki, Birləşmiş Ştatların prezidentidir. Ancaq Trampın hakimiyyətdə olduğu müddət daha çox istefalarla yadda qalıb.

O, Ağ evdə fəaliyyətə başlayandan sonra vəzifəyə gətirdiyi şəxslərdən ilk istefa verən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn oldu. Müşavirin istefasına səbəb kimi ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə D.Trampı düzgün məlumatlandırmaması göstərilib. Flinnlə Kislyak arasında telefon danışığı dekabrın 29-da ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyalar qoyduğu vaxta təsadüf edib. Bundan sonra Ağ evdə "istefa yağışı” yağmağa başlayıb. Belə ki, səhiyyə naziri Tom Prays, Federal Təhqiqat Bürosunun (FBI) direktoru Endryu Makkakeyb istefa verib. Onunla Tramp arasında ziddiyyətlərin olduğu bildirilirdi. Bundan əlavə, ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib. S.Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah etmişdi. Eyni zamanda ABŞ Federal Ehtiyatlar Departamentinin (FED) vitse-prezidenti Stenli Fişer vəzifəsindən getmək istəyi lə bağlı ərizə yazmışdı. O, ABŞ prezidenti Donald Trampa yazdığı məktubunda bunu şəxsi işləri ilə əlaqələndirmişdi. Qeyd edək ki, 73 yaşlı maliyyəçi 2014-cü ildən FED-də işə başlayıb və səlahiyyət müddəti 2018-ci il iyun ayında başa çatacaqdı. Bundan başqa, ABŞ prezidenti Donald Trampın terrorçuluq əleyhinə müşaviri Sebastyan Qorka istefa verib. Qorka Trampın ən yaxın tərəfdarlarından olub. O, tez-tez mətbuatda Ağ evin indiki yiyəsinin yürütdüyü xarici siyasəti müdafiə edirdi. Hətta ABŞ prezidenti Donald Tramp strateji məsələlər üzrə müşaviri Stiven Bennonu istefaya göndərmişdi. Bu il martın 4-də isə 29 il ABŞ Gizli Xidmətinin direktoru işləmiş Cozef Klensinin istefaya gedəcəyi açıqlanmışdı. O, Tramp administrasiyasının fəaliyyətindən razı qaldığını, ancaq bu istefanın şəxsi məsələlərlə bağlı olduğunu bildirmişdi. Bundan əlavə, prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dina Pauell istefa verib. Qeyd edək ki, bundan əvvəl 44 yaşlı Misir əsilli Dina Həbib Pauell “Goldman Sachs” şirkətində və eks-prezident Corc Buşun administrasiyasında işləyib. Donald Trampın administrasiyasında D.Pauell Yaxın Şərq və Fələstin-İsrail münaqişəsinin nizamlanma məsələləri ilə məşğul olub.

ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson və ABŞ prezidenti Donald Tramp

Təbii ki, Donald Trampın martın 13-də Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsindən azad etməsi diqqətləri yenidən Birləşmiş Ştatlara yönəldib. R.Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo gətirilib. Hətta ABŞ dövlət katibinin müavini Stiv Qoldşteyn də istefaya gönərilib və onun yerinə isə Dövlət Departamentinin rəsmi nümayədəsi Hizer Nauert təyin edilib. Dövlət katibi və müavinin istefa səbəbləri də açıqlanıb. Tramp bildirib ki, Tillersonla fikir ayırlığı var idi: “Pompeo ilə bu problem yoxdur və ona tamamilə etibar edirəm. İranın nüvə məsələsi Tillersonla ayrılma nöqtəmiz oldu”. O, Pompeonun bu işdə xarüqələr yaradacağını söyləyib. Tramp isə “Twitter” səhifəsindəTillersonun namizədliyinidövlət katibi vəzifəsinə irəli sürəndə yazırdı: “Reks Tillersonda ən çox xoşuma gələn cəhətlərdən biri xarici dövlətlərdəki bütün hakimiyyətlərlə dil tapa bilməsidir”. Məlumatlara görə, Tramp-Tillerson qarşıdurması təkcə İranla bağlı deyil. ABŞ-ın xarici siyasət kursunun başqa istiqamətlərində də prezidentlə dövlət katibinin toqquşduqları istisna edilmir. Tərəflər arasındaŞimali Koreya və Qətər məsələsində də fikir ayrılığının olduğu artıq təsdiqlənib. Görünür, bu amillər Tillersonun istefa verməsi ilə bağlı əvvəllər də xəbərlərin yayılmasına səbəb olmuşdu. Onda tərəflər bu məlumatları təkzib edirdi. Ancaq İraq və Suriyada baş verənlər, habelə Türkiyə-ABŞ, Avropa İttifaqı ilə ABŞ-ın münasibətlərində gərginliklər də prezidentlə dövlət katibi arasında münasibətlərin pozulmasına, onların birlikdə işləməsinin mümkün olmadığını ehtimal etməyə əsas verir.

ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson

Məlum olduğu kimi, Tillerson iş adamıdır. Daha doğrusu, Tillerson 1975-ci ildən “ExxonMobil” şirkətində işləyir. O, 1998-ci ilin yanvarında “ExxonMobil” şirkətinin vitse-prezidenti olub. O, 14 ildir şirkətin prezidentidir. 2013-cü il yanvarın 28-nə olan məlumata görə, “Exxon Mobil Corporation”un 417,2 milyard dollar həcmində kapitalı var. Neft və təbii qaz hasilatı və kəşfiyyatı ilə məşğul olur, neft məhsulları istehsal edir. 2016-cı ildə 16,2 milyard dollar xalis gəliri olub. 2015-ci ilin məlumatına əsasən, şirkətdə 75,3 min nəfər işləyir. "ExxonMobil" Rusiyada "Saxalin-1" layihəsində iştirak edir. Bu layihədə onun 30 faiz, Yaponiyanın “Sodeco”, Rusiyanın “Rosneft”i və Hindistanın “ONGC” şirkətlərinin hər birinin 20 faiz payı var. Bu şirkət Rusiyada, Saxalin şelfində “Çayvo”, “Odoptu” və “Arkutun-Daqi” qaz yataqlarında fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycanın "Azəri-Çıraq Günəşli" layihəsində "ExxonMobil" 8 faizlik paya malikdir. “ExxonMobil” ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ən çox əziyyət çəkən şirkətdir. Şirkət Rusiyada 9 layihəsini dayandırıb. Tillerson Rusiya prezidenti Vladimir Putinlə 2003-cü ildə Sankt-Peterburqda keçirilən “Qlobal enerji” forumunda görüşüb. Onlar 2005-ci ilin sentyabrında isə Vaşinqtonda bir araya gəliblər. 2012-ci ilin iyununda Putinlə Tillerson Tuapsedə görüşüblər. Tillerson Peterburqda beynəlxalq iqtisadi forumda dəfələrlə iştirak edib. 2013-cü ildə isə Rusiya prezidenti onu “Dostluq” ordeni ilə təltif edib. Trampın müşaviri Kellienn Kouey o vaxt bildirmişdi ki, Tillersonla Putinin münasibətləri yerli barlardan birində yüz-yüz araq içməyə deyil, işgüzar maraqlara söykənir. Əslində, bu orden ona Ukrayna hadisələrindən sonra verilib. Bu faktlar isə Tillersonla Tramp arasında Rusiya məsələsinə münasibətdə də fərqli mövqelərin olduğunu iddia etməyə əsas verir. Deməli, belə qənaətə gəlmək olar ki, Trampla Tillersonla ABŞ-ın xarici siyasət kursuna yanaşmada köklü fərqlər olub. O, istefadan sonra dövlət katibi vəzifəsində işlədiyi müddətdə Suriyada atəşkəsə dair mühüm razılaşmaların əldə edildiyini bildirib: “Suriyada atəşkəsin tətbiqinə nail olduq, bu isə minlərlə insanın həyatının xilası deməkdir. Ancaq bu ölkədə sülhün bərqərar olunması üçün xeyli işlər görülməlidir”. Tillerson İraqda vəziyyətin stabilləşdirilməsi və İŞİD-lə mübarizə məsələlərində birgə səylərin vacibliyini vurğulayıb: “Müttəfiqsiz heç nəyə nail ola bilməzdik”. Əslində, bununla da Türkiyə kimi müttəfiqə də üstünlük verməyin vacibliyinə işarə edib.

ABŞ dövlət katibi Maykl Pompe

Ümumiyyətlə, Tramp daha sərt siyasət yürütməyin tərəfdarıdır. Onun çıxışları və qərarları da bunu deməyə əsas verir. Tillersonun uzun illər energetika sahəsindəki fəaliyyəti onun iqtisadi əməkdaşlığa üstünlük verdiyini ehtimal etməyə əsas verir. Bu yolla ABŞ-ın daha çox qazanacağına və nüfuzunu artıracağına inandığını da idda etmək olar. Məsələn, Tramp hakimiyyətə gəlməmişdən əvvəl və prezident olandan sonra İrana qarşı sərt çıxışları ilə seçilib. Bu isə dövlət katibi ilə bağlı mülahizələrimizi təsdqiləyə bilər. Tillersonun istefaya göndərilməsi, onun yerinə isə Pompeonun təyin edilməsi Trampın xarici siyasət kursu ilə bağlı bir çox mətləbləri açıqlayır. Yeni dövlət katibi 54 yaşındadır. ABŞ-ın məşhur Hərbi Akademiyasını uğurla bitirib. Akademiyanı bitirdikdən sonra ABŞ Silahlı Qüvvələrinin tərkibində Almaniya Federativ və Almaniya Demokratik respublikaları arasındakı sərhəddə xidmət edib. Harvard Universitetində hüquq təhsili alıb. 2010-cu ildən ABŞ Konqresinə Respublikaçılar Partiyasından 3 dəfə üzv seçilib. Nümayəndələr Palatasının energetika və ticarət üzrə komitəsinin, eləcə də palatanın kəşfiyyat üzrə daimi xüsusi (Mərkəzi Kəfiyyat İdarəsinin alt komitəsi) komitəsinin üzvü olub. O, ABŞ-ın dövlət katibi Hillari Klintonu ölkəsinin xaricdəki müəssisələrinin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edib. ABŞ Senatı2016-cı ildə 66 səs lehinə, 32 səs əleyhinə olmaqla Maykl Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədliyini təsdiqləyib. O, 2017-ci il yanvarın 23-dən bu quruma başçılıq edirdi. Pompeo qlobal istiləşməyə inanmır, odlu silahlara məhdudiyyətlərin qoyulmasına qarşıdır. ABŞ KİV-iBoston marafonunda törədilən terrora qarşı çıxışlarına görə isə onu “İslama qarşı mübariz” də adlandırıb. Pompeo Rusiya barəsində deyib: “Rusiya dünyada təcavüzkar mövqeyini bərpa edir, Avropanı hədələyir. Terrorçu İŞİD qruplaşmasının məhv edilməsi üçün demək olar ki, heç bir iş görmür”. O bildirib ki, Çin dünyada real gərginlik yaradır, İran isə terrorçuluğun başlıca sponsoru olan, Yaxın Şərqdə mövqeyini möhkəmləndirən dövlətdir.

Hər halda Trampın 2017-ci ilin iyununda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran masasının başına Əfqanıstan, Pakistan və Yəməndə işləmiş, “Qaranlıq Şahzadə”, “Ayətullah Mayk” və “Undertaker” kimi tanınan Maykl D'Andreanı gətirməsi ilə Pompeonun dövlət katibi təyin edilməsi arasında da bir uzlaşmanın olduğu istisna edilmir. Məsələn, MKİ-nin məmuru Robert Baer o zaman bildirmişdi ki, Maykl D'Andreanı yaxşı tanıyır: “Mövzuya dair söyləyə biləcəyim tək şey İranla müharibə artıq kartlar arasında”. Tehran rəsmiləri ötən ilin sonu bu ilin yanvarında İranda baş verən hadisələrdə onun əli olduğunu iddia edirdilər. Məlumatlara əsasən, D'Andreanın 50-dən artıq yaşı var və İslamı qəbul edib.

Bəzi məlumatlara əsasən, Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqlara yeni komanda ilə gedəcəyini bildirib. İstefalardan belə qənaətə gəlmək olar ki, Tramp bundan sonra yeni komanda formalaşdıracaq. O, bu komanda ilə yalnız Şimali Koreya ilə danışıqlara getməyəcək, həm də Yaxın Şərqdə yeni hadisələrə təkan verəcək.