Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçiriləcək


Kriminal 14 Mar 2018 16:00:00 314 0

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Ənənəyə sadiq qalaraq bu il də Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı,  Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.

15 mart tarixində keçiriləcək konsertdə V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti nəzərdə tutulub.

V.Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır.Zivər xanım özü də musiqi müəlliməsi idi.

Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur.Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.Bu zaman Vaqif artıq musiqiçilər arasında məşhurlaşmışdı.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyü"nə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78","Monte-Karlo") laureatı olmuşdur. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılırdı. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma olan ad çəkilir.Vaqif Mustafazadə -Azərbaycan. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdan Vaqif növbəti konsertlərə hazırlaşır.