12ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək


Digərləri 14 Mar 2018 15:46:00 277 0

12ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək

16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu - 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgisi keçiriləcək. Sərgi aqrar sektorun ən müxtəlif sahələrini təmsil edən şirkətlər üçün nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının, habelə avadanlıq və texnoloji həll variantlarının tematik nümayişini təmin edən ən iri regional platforma statusunu bir daha təsdiq edəcək. Həmçinin tərəvəzçilik, sənaye təyinatlı bağçılıq və üzümçülük sahələri üçün müasir kənd təsərrüfatı texnologiyalarını təqdim edən bu sərgi layihəsinin məqsədi meyvə-tərəvəz biznesinin sahə və bağlardan tutmuş istehlakçılara qədər bütün prosesi çərçivəsində həm yerli, həm də qlobal müstəvidə mövcud olan ən yaxşı məhsul və xidmətləri nümayiş etdirməkdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "Caspian Agro" sərgisinə yaxından dəstək göstərir. Həmçinin, sərgi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

Bu il "Caspian Agro 2018" sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Hollandiya, İtaliya, İspaniya, Niderland Krallığı, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distributorları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə Vyetnam iştirak edəcək.