Bakıda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir


Digərləri 14 Mar 2018 14:38:56 246 0

Bakıda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Bu gün VI Qlobal Bakı Forumu çərçivəsində “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans başlayıb.

Bakı. Bu gün VI Qlobal Bakı Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi, dünya ədəbiyyatına böyük töhfə verən qüdrətli simalardan biri olduğunu deyib. Dahi şairimizi Şərqin və Qərbin görkəmli sənətkarları ilə müqayisə edən akademik Nizami Gəncəvini dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri adlandırıb. O deyib: “Makedoniyalı İsgəndər hərbi qüdrəti, gücü ilə, Nizami Gəncəvi isə ədəbi şöhrəti, əsərləri ilə dünyanı fəth edib”. Akademik diqqətə çatdırıb ki, Nizami Gəncəvinin beş ölməz poeması dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Bu poemalar “Xəmsə” adı altında dünya ədəbiyyatı xəzinəsinə töhfəsini verib. Nizami Gəncəvinin Şərq intibahının zirvəsində dayandığını deyən İ.Həbibbəyli dahi şairin ədəbi məktəb yaratdığını bildirib. Vurğulanıb ki, bu ədəbi məktəb bütün mədəni dünyada yaşayır. Çünki Nizaminin əsərlərindəki ideyalar dünyanı düşündürən ideyalar olub. Akademik ölkəmizdə Nizami Gəncəvi ilə bağlı bir çox tədqiqatların aparıldığını, onun haqqında əsərlər yazıldığını diqqətə çatdıraraq qeyd edib ki, bu əsərlərdən zəngin bir kitabxana yaratmaq mümkündür. “Nizami XXI əsrdə dünyanı yenə də ədalət, azadlıq, sülhə çağırış kimi ideyalar uğrunda mübarizəyə səsləyir”, - deyə İ.Həbibbəyli çıxışını yekunlaşdırıb. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli müstəqillik illərində ölkəmizdə nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərindən danışıb. O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin yaşamasının sirri onun humanizmində, ensiklopedik biliyində, əsərlərindəki multikultural dəyərlərdədir.