Əsaslı islahatların real nəticəsi


Digərləri 14 Mar 2018 14:06:00 235 0

Əsaslı islahatların real nəticəsi

Həyata keçirilən iqtisadi islahatlar, icra olunan dövlət proqramları regionların davamlı inkişafına stimul yaradıb

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında tarixi uğurlara imza atan müstəqil Azərbaycan həqiqətən, bu dövrdə böyük və şərəfli yol keçib. 

Qısa zaman kəsiyində ölkə iqtisadiyyatına yatırılan 231 milyard dollar vəsait onu deməyə əsas verir ki, regionun qüdrətli dövlətinə çevrilən Azərbaycanda həm yerli, həm xarici investorlar üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. Bütün bunları şərtləndirən isə ölkədəki sabitlik, təhlükəsizlik mühitidir.

İqtisadi inkişaf paytaxt Bakıdan regionlara keçib

İstənilən böyük dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Artıq uzun müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi, paytaxt Bakıdan regionlara keçib. Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması sənaye məhsullarının istehsalının reallaşması ilə nəticələnib.  Vurğulamaq yerinə düşər ki, regional inkişaf proqramları bölgələrdən, yerlərdən gələn təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzərə alınaraq tərtib edilirdi.  Proqramların məqsədi məhz ondan ibarət idi ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Əminliklə söyləyə bilərik ki, qarşıya qoyulan konkret hədəflərə çatmaq üçün görülən işlər faydasını verir. Regionların sosial-iqtisadi inkişafına dair həm birinci, həm də ikinci dövlət proqramlarının uğurla icrası bunu deməyə əsas verir. Bir fakta da nəzər yetirək. 14 il öncə - 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlanılarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Lakin bu kiçik məbləğlə böyük işlər görüldü və bu gün ölkənin valyuta ehtiyatları 44 milyard dollara bərabərdir. Bu qısa müddət ərzində valyuta ehtiyatlarının 24 dəfə artımı Azərbaycan üçün böyük nailiyyətdir.

Dövlət proqramları bölgələrin simasını büsbütün dəyişdirib

Son 15 il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində əldə edilmiş uğurlara nəzər yetirdikdə görərik ki, həqiqətən, Azərbaycan tarixi uğurlara imza atıb. Ölkə daxilində 12 min 300 kilometr yol çəkilib, 443 körpü-tunel, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi, 30 elektrik stansiyası, 4 su anbarı, 7 beynəlxalq aeroport tikilib. 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, ölkədə qazlaşdırma 93 faizə çatıb, bütün şəhərlər qazla 100 faiz təmin edilib, fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə çatıb və 1,9 milyon iş yeri açılıb ki, onlardan 1,4 milyonu daimidir. Bütün bunlar real göstəricilərdir. Bir zamanlar təbii qaz üzünə həsrət qalan, xaricdən elektrik enerjisi idxal edən Azərbaycan bu gün dünyada neft-qaz ixracatçısı kimi tanınır. 15 il ərzində görülən işlər, həmçinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrimizin simasını büsbütün dəyişdirib. Onu da vurğulamaq yerinə düşər ki, 15 il ərzindəki iqtisadi göstəricilər də ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın bu müddət ərzində 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir.

2018-ci ilin ilk "ASAN Həyat" kompleksi