Yanko Yanakiev: Cənub Qaz dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir (FOTO)


Digərləri 14 Mar 2018 09:59:57 226 0

Yanko Yanakiev: Cənub Qaz dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir (FOTO)

BSU-da Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsinə həsr edilmiş beynəlxalq tədbir keçirilib.

Bakı. Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Avropa İttifaqı (Aİ) Şurasına sədr seçilməsi ilə bağlı beynəlxalq tədbir keçirilib. BSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avstriya, Macarıstan, Türkmənistan, Serbiya, Xorvatiya, Misir, Yunanıstan, Litva, Niderland, Fələstin, Ruminiya, İsveç , ABŞ, Rusiya, Norveç, Polşa,Yaponiya və digər ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Avropa İttifaqı, Avropa Şurası rəsmiləri iştirak ediblər. Qonaqlar əvvəlcə BSU-nun foyesində bayram ab-havasına uyğun zurna, balabanla qarşılanıblar, “Arzu” rəqs ansamblının hazırladığı rəqslərə və tələbələrin ifasında səsləndirilən şeir və mahnılardan ibarət konsertə tamaşa ediblər. Sonra foyedə təşkil olunmuş Yel çərşənbəsi və Novruz bayramına həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə bir-birindən rəngarəng bayram xonçaları qonaqlara təqdim olunub. Novruzun simvollarından olan Kosa və Bahar qızı tədbirin ovqatına maraq qatıb. Sonra tədbir rəsmi hissə ilə davam edib. Rəsmi hissəni giriş sözü ilə açan Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin 25 illik tarixindən danışıb. O, ölkələrimiz arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, xalqlarımızın bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını nəzərə çatdırıb. R.Novruzov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstan Respublikasının ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işləri barədə məlumat verib. Professor Bakı Slavyan Universitetinin hər iki ölkə arasında qurulan humanitar əlaqələrdə mühüm rola malik olduğunu deyib, o cümlədən Bolqarıstanın qabaqcıl ali təhsil müəssisələri ilə BSU-nun əməkdaşlığından söz açıb. Bolqarıstanın birinci vitse-prezidentləri M.Popova, İ.Yotovanın BSU-da olmalarından və BSU nümayəndələrinin Bolqarıstan səfərindən danışan Rafiq Novruzov BSU-nun bugünki tədbirə ev sahibliyi etməsindən qürur hissi duyduğunu dilə gətirib.