Beyini daha yaxşı işlətməyin


Digərləri 14 Mar 2018 08:25:00 273 0

Beyini daha yaxşı işlətməyin

"New Scientist" elmi jurnalı beyinin ən önəmli 7 funksiyasının necə işlədiyini və bunlardan necə daha yaxşı yararlanmaq yollarını öyrənmək üçün tanınmış mütəxəssislərin fikrini öyrənib. Məqalədən əsas bölümləri qısa əlavələrlə diqqətinizə yetiririk.

Beyinin çalışma mexanizmini ən yaxşı bilənlər neyropsixoloqlardır. Nüfuzlu "New Scientist" elmi jurnalı beyinin ən önəmli 7 funksiyasının necə işlədiyini və bunlardan necə daha yaxşı yararlanmaq yollarını öyrənmək üçün tanınmış mütəxəssislərə üz tutub. Söhbət Nilli Lavie, Jason Chein, Vinod Goel, Alan Baddeley, Gabriele Wulf, Tim Rogers, Michael Ramscar, John Kounios kimi tanınmış elm adamlarından gedir.

DİQQƏT

Beyinimizin ən önəmli və təməl funksiyasından biri diqqətdir. Diqqət bəlli bir zaman dilimində nəyi sezəcəyimizi müəyyənləşdirir və bunun fərqində olmağımızı təmin edir. Çevrəmizdə olub-bitənlərdən bir anlam çıxara bilməkdən ötrü bizimlə əlaqəsi olmayan hər şeyi süzgəcdən keçirməmiz və yalnızca bir şeyə köklənməmiz lazımdır. Diqqət funksiyasının işi bununla bitməz: nəyisə əzbərləmək və ya öyrənmək üçün də diqqətimizi toplamalıyıq. Dolayısıyla diqqəti kökləmək qabiliyyətini inkişaf etdirsək, beyinin başqa funksiyalarını da gəlişdirə bilərik.

DİQQƏTDƏN YARARLANMAQ YOLLARI

Beyinin 2 diqqət sistemi var: "aşağıdan-yuxarı" və "yuxarıdan-aşağı". "Aşağıdan-yuxarı" diqqət ani səsləri, tərpənən əşyaları və ya toxunma kimi önəmli hissləri avtomatik sezdirir. Bu sistem sürətlə çalışır və hər zaman fəaliyyətdədir (ən azından yuxudan oyanmışıqsa).

"Yuxarıdan-aşağı" diqqət sistemi bilərəkdən yararlandığımız diqqətdir. Nəyi düşünmək istəyiriksə, onu hədəfə alır və diqqətdə saxlayır.Belə diqqət hər hansı bir işi görməyimizi təmin edir və həmin işə köklənir.

Amma diqqətimiz yayına da bilər. Yuxarıdan-aşağı diqqət dözüm tələb edir və onun dağılma riski yüksəkdir. Onu dağıdan aşağıdan-yuxarıya diqqətdir.

DİQQƏTİ NECƏ İNKİŞAF ETDİRMƏK OLAR?

Diqqətin dağılmasını önləmək bizim əlimizdədir. Telefonun səsini azaltmaq, televizoru söndürmək kimi adi üsullarla aşağıdan-yuxarı gələn diqqət dağıdıcılarını əngəlləmək olar. London Universitet Kollecində çalışan neyropsixoloq Nilli Lavie-nin fikrincə, belə bəsit üsullar beyinimizin "yuxarıdan-aşağı" diqqət tutumunu artıra bilər.

O öz araşdırmalarında "yuxarıdan-aşağı" diqqəti inkişaf etdirməyin yolunu tapıb: bundan ötrü diqqəti bir şeyə deyil, çox şeyə cəmləşdirmək lazımdır. Lavie-nin "yüklənmə teoremi"nə görə, beyin bəlli həddən sonra aldığı siqnalları qəbul etmir. Bunlara diqqətdağıdıcılar da daxildir.

Lavie bu kəşfinin həm diqqətdağıdıcılar, həm də dalğınlıq üçün keçərli olduğunu söyləyir. Real həyatda görülən işlər, vizual element əlavələriylə daha diqqətçəkici hala gətirilə bilər. Məsələn, yazılı bir mətni çərçivəyə almaq, arxa planı - fonu rəngləmək yoluyla.

Bu baxımdan yaddaşın gəlişdirilməsi də fayda verir. Diqqətini cəmləşdirə bilməyənlər və ya beyini zədəli xəstələrlə işləyən alimlər yaddaşı gəlişdirməklə diqqəti uzun müddət bir nöqtədə toparlamağın mümkünlüyünü düşünürlər.

Zehni qabiliyyəti artırmağın bir başqa yolu meditasiyadır. Meditasiya edən insanların beyinləri öyrənilərkən, beyinin diqqətlə bağlı sahələrinin daha yaxşı inkişaf etdiyi üzə çıxır.