"Böyük əfv" haqqında


Digərləri 13 Mar 2018 22:25:00 222 0

"Böyük əfv" haqqında

Yaxın vaxtlarda Azərbaycanda "böyük əfv" gözlənir, rəsmilər deyirlər. Prezident yanında Əfv Komissiyasının üzvləri BBC Azərbaycancaya bildiriblər ki, onlara çoxlu müraciətlər var və hələ də ərizələrin gəlməsi davam edir.

Əfv kimlərə tətbiq edilə bilər?

Prezident yanında Əfv Komissiyası bu ərizələrə müsbət rəy verdiyi halda həmin şəxsin əfvini tövsiyə edir.

Amma tövsiyə olunma o demək deyil ki, həmin məhbus dərhal azad olunacaq. Son qərarı vermək ölkə prezidentinin səlahiyyətindədir, komissiya üzvü Əliməmməd Nuriyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, bir məhbusun əfv olunması prosesində bütün maraqlı tərəflərin - məhbusun, zərərçəkənin, cəmiyyəti təmsil edən orqanların, ittihamı müdafiə etmiş qurumların rəyi toplanır və Əfv Komissiyası da bu toplanmış məlumatı müsbət və ya mənfi olaraq qiymətləndirir.

Əfv, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident nəyi əfv edə bilər?

Azərbaycan prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddəti azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.

Əfvə kim müraciət edə bilər?

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da əfvlə bağlı öz vəsatətini qaldıra bilər.

Azadlıqdan məhrum edilmiş məhkumlar əfvə müracət edə bilərlər, amma bunun üçün şərtlər var

Məhkum cəzasının hansı mərhələsində əfv istəyə bilər?

Böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum edilmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfvə müraciət edə bilər.