Ermənistana dinclik verməyən “aprel kabusu”, qondarma rejimin rəhbərinə qucaq açan həmsədr ölkə


Digərləri 13 Mar 2018 22:07:26 224 0

Ermənistana dinclik verməyən “aprel kabusu”, qondarma rejimin rəhbərinə qucaq açan həmsədr ölkə

Bəs Minsk qrupunun həmsədr ölkələrinin ikili standartlarını necə qiymətləndirək?

Bəxtiyar Hacıyev – Ermənistan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən ordumuzun martın 12-dən müxtəlif qoşun növləri, birlik və birləşmələrin iştirakı ilə başlayan genişmiqyaslı təlimlərindən qorxuya düşüb. 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyasının cəlb olunduğu hərbi təlimlər başlayar-başlamaz Ermənistan rəsmiləri əla-ayağa düşərək ənənəvi bəyanatlar səsləndirməyə başladılar. Düşmən ölkənin parlament sədrinin müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov absurd fikirlər səsləndirərək təlimlərin Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri qarşısında öhdəliklərinə zidd olduğunu bildirdi: "ATƏT-in üzvü olan rəsmi Bakı bu təşkilatın üzvlərini irimiqyaslı hərbi təlimlərə hazırlaşması barədə məlumatlandırmalı idi. Azərbaycan bunu etmədi və beynəlxalq hüquq normalarını pozdu". Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan da oxşar bəyanat verdi. Necə deyərlər, utanmasan, oynamağa nə var ki? Sual yaranır: indiyədək hansı ölkə öz suveren ərazisində hərbi təlim keçirmək üçün üzv olduğu hansısa təşkilata daxil olan ölkələri qabaqcadan məlumatlandırıb? Ermənistan rəsmilərinin bəyanatından ilk baxışda belə təsəvvür yaranır ki, sanki Azərbaycan Ordusu Yerevana daxil olaraq orada hərbi əməliyyat keçirir. Azərbaycan öz ərazisində hərbi təlimlər keçirməklə, ermənilərin təbirincə desək, "beynəlxalq hüquq normalarını pozursa", bəs Ermənistanın BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsinə nə ad verək?! 2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40 mindən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan Silahlı Qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi nə tez yaddan çıxdı? Bu da beynəlxalq hüquq normalarının pozulması sayılmır?! Bəlkə Ermənistan indiyə qədər keçirdiyi hərbi təlimlər barədə kiməsə hesabat verib?