15 yaşlı azərbaycanlı “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir


Digərləri 13 Mar 2018 20:58:00 277 0

15 yaşlı azərbaycanlı “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir

Bir dəqiqədə 20 mindən çox söz oxumaq... Düzdür qulağa inanılmaz gəlir, amma bu, mümkündür. Sürətli oxumaq mövzusunda bir çox tanınmış xarici şirkətlərdə bununla bağlı seminarlar keçirilir, insanlar sırf sürətli oxumaq vərdişinə yiyələnmək üçün kurslara yazılır.

Son.az xəbər verir ki, Sputnik Azərbaycan-ın qonağı olan 15 yaşlı Vaqif Rüstəmov da belələrindəndir. O, Masazırda yerləşən 2 saylı orta məktəbdə təhsil alır. Sürətli oxumaq bacarığına isə kursda yiyələnib.

Dediyinə görə, sürətli oxu bacarığına həvəs onda 2015-ci ildən yaranıb: 

"Türkiyə telekanallarında yayımlanan şouların birində iştirakçı bir dəqiqədə çox sayda söz oxuyurdu. O zaman qarşıma məqsəd qoydum ki, mən bu oğlandan daha çox söz oxuyacağam. Sonra valideynlərim məni kursa yazdırdı. İki aylıq kursdan sonra 20 min söz oxuya bilirdim".

V.Rüstəmov, həmçinin dərs əlaçısıdır. O, bütün dərslərini vaxtından əvvəl mənimsəyir, məktəbdə sinif yoldaşlarından seçilir. Hazırda 9-cu sinifdə oxusa da, demək olar ki, 11 illik tədris proqramını bitirib. Buna görə də, mümkün olacağı təqdirdə, 9-cu sinifdən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında özünü sınamağı düşünür.

Vaqif deyir ki, sürətli oxumağı öyrəndiyi kursda onunla rəqabət aparacaq kimsə olmayıb:   "Kursa əmim oğlu və dayım oğlu da mənimlə birgə gedirdi. Onlar iki ayda 2 min söz mən isə, 20 min söz oxuya bildim. Hazırda 20 mindən çox söz oxuyuram".

Vaqifin arzusu "Ginnesin Rekordlar Kitabı"na düşməkdir. Buna görə o, hər gün məşq edir və söz oxuma sürətini artırır: 

"Valideynlərim "Ginnesin Rekorlar Kitabı"na düşməyim üçün müraciət edib. Ancaq bizə hələ cavab gəlməyib. İstəyirəm, universitetə daxil olum və insanları inandıra bilim ki, mən sürətli oxuyuram".


Xəbərə aid fotolar