Tolstoyun kötücəsi: "Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi" FOTO


Digərləri 13 Mar 2018 16:08:00 347 0

Tolstoyun kötücəsi: "Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi"  FOTO

Son.az dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun kötücəsi, tanınmış rejissor Konstantin Stanislavskinin nəticəsi, fransalı rejissor Maksim Marduxayevin report-a müsahibəsini təqdim edir:

- Sizi azərbaycanlı oxuculara necə təqdim etməyimizi istərdiniz?

- Atam əslən yəhudidir, Bakıda anadan olub. Ana nənəm Aleksandra Lev Tolstoyun nəticəsi, Konstantin Stanislavskinin nəvəsidir. Anamla atam Bakıda tanış olublar, bir-birilərini seviblər. Atamın ailəsində qədim köklərə söykənən bir ənənə mövcud idi. Uşaqlar hələ böyüməmiş onların kiminlə evlənəcəkləri məlum idi. Mənim atamın da deyiklisi var idi. Lakin anama olan məhəbbətindən ailəsinə qarşı çıxaraq onunla ailə qurur. Valideynlərim bugünədək xoşbəxt yaşayırlar.

Mən 1960-cı ildə Moskada anadan olmuşam, tətil vaxtlarımı 13 yaşımadək Bakıda nənəmin yanında keçirmişəm. Anam 1973-cü ildə Parisə dönməyi qərara aldığında məni də özü ilə Fransaya gətirdi.

- Bakıda keçirdiyiniz uşaqlıq illərindən yaddaşınızda daha çox nələr qalıb?

- Atamgilin ailəsi səkkiz uşaqdan ibarət idi, xeyli sayda əmiuşaqlarım, bibiuşaqlarım vardı. Atamın qohumları mənlı çox mehriban davranırdılar, hamının qayğı və sevgisini hiss edirdim. Nənəmin mənə olan sevgisi isə xüsusilə hədsiz idi. Mən bu mehriban ailənin məhəbbəti ilə böyümüşəm.

- Bəs ana nənənizi necə xatırlayırsınız?

- Ana nənəmi uzun illər tanımamışam. Çünki anam 1948-ci ildə babama qoşulub Rusiyaya qayıtmaq qərarına gələndə nənəm Parisdə qalmışdı. Beləliklə, ana-bala uzun illər bir-birindən ayrı düşmüşdülər. Anam 1973-cü ildə, nəhayət, Parisə dönmək qərarına gəlmişdi və bunun üçün rəsmi icazə almağa nail olmuşdu. Mən həmin günü heç vaxt unutmayacağam. Biz qatarla qaranlığa qərq olmuş çöllərdən keçərək Berlinə yaxınlaşan zaman birdən-birə hər tərəf par-par parıldayan işıqlara qərq oldu. Bu işıqlar bizi Parisə qədər müşayiət etdi və elə bil bizə inkişaf etmiş qərb dünyasının hekayətini danışırdı. Qatar vağzala daxil olduğu zaman uzun illər anasının üzünə həsrət qalan anamı həyəcan bürüdü. Biz qatardan düşdük, mən də həsrətlə nənəmi axtarmağa başladım. Mənim üçün nənə obrazı əsl Azərbaycan qadını olan ata nənəm idi. O, toppuş biri idi, ətli qolları ilə məni qucaqlayıb bağrına basır, yanaqlarımı çimdikləyir, o yan-bu yanıma keçərək yedizdirməyə çalışırdı. Parisdə isə arıq, göygöz, şax duruşlu kübar bir qadınla tanış oldum. O, əlini mənə uzadaraq öpməyimi gözlədi. Halbuki bu vaxta qədər böyüklərin məni qucaqlayıb əzizləməsinə öyrəşmişdim. Amma sonradan ona çox bağlandım, çünki əsrarəngiz bir qadın idi.


Xəbərə aid fotolar