Mənzil vədi verən baş redaktorun məhkəməsi oldu


Digərləri 13 Mar 2018 15:12:00 210 0

Mənzil vədi verən baş redaktorun məhkəməsi oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kərəm Quliyev dindirilib.

O, təqsirləndirilən şəxsi tanımadığını söyləyib: "Bacım qızı Mehriban İmanova ev almaq istəyirdi. Buna görə ona pul lazım idi. Biz də ona 2500 manat pul verdik. Lakin evi kimdən aldığını, necə aldığını bilmirəm".

Hakimin suallarını cavablandıran şahid bildirib ki, bacısı qızına ev satan jurnalistlər üçün nəzərdə tutulan binadan mənzil alacağı vədini verib.

Daha sonra digər şahid Maqsud Quliyev ifadə verib. O, K.Quliyevlə qardaş olduğunu deyib. M.Quliyev də eyni məzmunlu ifadə verib.

Şahid Zamiq Nuriyev dindirilən zaman Mehriban İmanovanın bacısının həyat yoldaşı olduğunu deyib. O, M.İmanovaya ev almaq üçün pul verdiyini qeyd edib.

Digər şahid Natiq Şıxıyev ifadəsində təqsirləndirilən şəxsə jurnalistlərin binasından ev almaq üçün 23 min manat pul verdiyini deyib: "Gündüz mənə jurnalist vəsiqəsi də hazırlayıb vermişdi".

G.Hüseynov şahidin dediklərini təsdiq edib və söyləyib ki, pulu Aslan Ağayevə verib.

G.Hüseynovun vəkili A.Ağayevin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.