Nazir: Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər


Digərləri 13 Mar 2018 15:08:00 267 0

Nazir: Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər

Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.

Bakı. Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu müddətdə 10 yüksək səviyyəli görüş,100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək 150-yə yaxın sənəd imzalanıb. Ş.Mustafayev komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16% artıb, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 mlrd. ABŞ dollarına çatıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq. Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində isə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Neft-qaz sahəsində də uğurla əməkdaşlıq edirik.