Lev Tolstoyun kötücəsi: "Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi" - MÜSAHİBƏ


Siyasət 13 Mar 2018 14:52:00 361 0

Lev Tolstoyun kötücəsi: "Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi" - MÜSAHİBƏ

Maksim Marduxayev: "Dağlıq Qarabağın simvollarını bir yerə toplayaraq bütün dünyada nümayiş etdiriləcək film çəkmək istəyirəm"

Dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun kötücəsi, tanınmış rejissor Konstantin Stanislavskinin nəticəsi, fransalı rejissor Maksim Marduxayevin “Report”un Qərbi Avropa bürosuna müsahibəsi.

- Sizi azərbaycanlı oxuculara necə təqdim etməyimizi istərdiniz?

- Atam əslən yəhudidir, Bakıda anadan olub. Ana nənəm Aleksandra Lev Tolstoyun nəticəsi, Konstantin Stanislavskinin nəvəsidir. Anamla atam Bakıda tanış olublar, bir-birilərini seviblər. Atamın ailəsində qədim köklərə söykənən bir ənənə mövcud idi. Uşaqlar hələ böyüməmiş onların kiminlə evlənəcəkləri məlum idi. Mənim atamın da deyiklisi var idi. Lakin anama olan məhəbbətindən ailəsinə qarşı çıxaraq onunla ailə qurur. Valideynlərim bugünədək xoşbəxt yaşayırlar.

Mən 1960-cı ildə Moskada anadan olmuşam, tətil vaxtlarımı 13 yaşımadək Bakıda nənəmin yanında keçirmişəm. Anam 1973-cü ildə Parisə dönməyi qərara aldığında məni də özü ilə Fransaya gətirdi.

- Bakıda keçirdiyiniz uşaqlıq illərindən yaddaşınızda daha çox nələr qalıb?

- Atamgilin ailəsi 8 uşaqdan ibarət idi, xeyli sayda əmiuşaqlarım, bibiuşaqlarım vardı. Atamın qohumları mənimlə çox mehriban davranırdılar, hamının qayğı və sevgisini hiss edirdim. Nənəmin mənə olan sevgisi isə xüsusilə hədsiz idi. Mən bu mehriban ailənin məhəbbəti ilə böyümüşəm.

- Bəs ana nənənizi necə xatırlayırsınız?

- Ana nənəmi uzun illər tanımamışam. Çünki anam 1948-ci ildə babama qoşulub Rusiyaya qayıtmaq qərarına gələndə nənəm Parisdə qalmışdı. Beləliklə, ana-bala uzun illər bir-birindən ayrı düşmüşdülər. Anam 1973-cü ildə, nəhayət, Parisə dönmək qərarına gəlmişdi və bunun üçün rəsmi icazə almağa nail olmuşdu. Mən həmin günü heç vaxt unutmayacağam. Biz qatarla qaranlığa qərq olmuş çöllərdən keçərək Berlinə yaxınlaşan zaman birdən-birə hər tərəf par-par parıldayan işıqlara qərq oldu. Bu işıqlar bizi Parisə qədər müşayiət etdi və elə bil bizə inkişaf etmiş qərb dünyasının hekayətini danışırdı. Qatar vağzala daxil olduğu zaman uzun illər anasının üzünə həsrət qalan anamı həyəcan bürüdü. Biz qatardan düşdük, mən də həsrətlə nənəmi axtarmağa başladım. Mənim üçün nənə obrazı əsl Azərbaycan qadını olan ata nənəm idi. O, toppuş biri idi, ətli qolları ilə məni qucaqlayıb bağrına basır, yanaqlarımı çimdikləyir, o yan-bu yanıma keçərək yedizdirməyə çalışırdı. Parisdə isə arıq, göygöz, şax duruşlu kübar bir qadınla tanış oldum. O, əlini mənə uzadaraq öpməyimi gözlədi. Halbuki bu vaxta qədər böyüklərin məni qucaqlayıb əzizləməsinə öyrəşmişdim. Amma sonradan ona çox bağlandım, çünki əsrarəngiz bir qadın idi.

- Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlılarla bağlı iki film çəkmisiniz. Bu filmlər necə qarşılandı?

- Mənim nənəm-babam çar Rusiyası zamanı ölkədən qaçıb Parisin “Monmart” adlanan ərazisində məskunlaşıblar. Onlar Fransada yaşayan yeganə immiqrant olmayıblar və vətənə dönmək arzusunu qəlblərində yaşadan əcnəbilər də yalnız onlar deyildilər. Mənim anam Parisdə doğulsa da, həmişə özunü rus hesab edib, rus dilində danışıb, rus mədəniyyətini qəlbində yaşadıb. O, 15 yaşındaykən ilk fürsətdən yararlanaraq vətəninə dönüb. Mən özüm də Fransaya sonradan gəlmişəm və bu səbəbdən vətənini tərk edən insanların yaşadıqlarına daha həssas və kövrək yanaşıram. Fransada qaçqınlara münasibətdə mənfi fikirlər var, halbuki insanlar məcburiyyət qarşısında evlərini tərk edirlər.

Mən birinci filmi çəkmək üçün vaqonlarda məskunlaşmış məcburi köçkün uşaqlarla bir müddət birlikdə yaşadım. Ailəm buna etiraz etsə də, buna məhəl qoymadım. Uşaqlarla yeyirdim, onlarla əylənirdim, onlarla qüssələnib sevinirdim. Mən onları lentə çəkib geri qayıtmaq kimi üsuldan tamam fərqli bir yanaşmaya üstünlük verdim. Demək olar ki, onlardan biri oldum. Artıq onlar məni görməyə o qədər öyrəşmişdilər elə bilirdilər ki, mən də daimi onlarla birgə yaşayacağam.

Mən hələ Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən görüntüləri çəkib Fransaya gətirmişdim. Fransa televiziyalarından biri həmin görüntüləri məndən aldı, amma heç vaxt efirə vermədilər. Mən sonra anladım ki, bu, erməni lobbisi tərəfindən düşünülmüş bir addım olub və həmin sübutların itirmək məqsədi daşıyıb. 

"Qarabağ, mən səni tərk etmirəm" sənədli filmini çəkmək üçün Azərbaycana qayıtdığım zaman həmin uşaqları tapmaq elə də asan olmadı. Azərbaycan hökuməti məcburi köçkünləri mənzillə təmin etmək üçün böyük işlər görüb. Təbii ki, buna sevindim. Amma həmin köçkün şəhərciklərininin yanında yaradılmış məzarlığın məndə qəbirlərlə çox tez dolması təəssüratı yarandı. Çünki yaşlılar evindən-eşiyindən ayrılıqdan sonra süst düşmüşdülər, ağır həyat şəraitindən bezmişdilər. Onların bir hissəsi doğma yurd həsrətinə və ağır həyat şəraitinə dözməyərək dünyalarını dəyişmişdilər. Gənc nəsil isə heç vaxt Qarabağı görməyib. Məni "Qarabağ azad olduqdan sonra şəhərlərdə məskunlaşmış qarabağlılar həmin yerlərə qayıdacaqlarmı, yoxsa Dağlıq Qarabağ münaqişəsinin həlli kimi insanların geri qayıtması da yalnız dövlət siyasəti nəticəsində mümkün olacaq?" sualı narahat edirdi. Çünki onlar uzun illərdir doğma yurdlarından uzaq düşüblər və yeni şəraitdə öz həyatlarını qurublar. 

İkinci filmi çəkərkən Azərbaycan hökumətinin rəsmi razılığı əsasında Dağlıq Qarabağa getdim. Bu zaman varlı bir yəhudi ilə tanış oldum. O, Qarabağ atlarını alıb fermer təsərrüfatı yaratmaq və beləliklə, xarici ölkələrlə ticarət əlaqələri qurmaq istəyirdi. Təbii ki, ermənilər bunu böyük sevinclə qarşılayacaqdılar və Qarabağ atlarını da məmuniyyətlə öz adlarına keçirəcəkdilər. Ancaq sonradan Azərbaycan hökumətinin həmin şəxsi Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyini öyrəndim.

- Dağlıq Qarabağla bağlı yeni film çəkmək planınız varmı?

- Dağlıq Qarabağın simvollarını bir yerə toplayaraq bütün dünyada nümayiş etdiriləcək film çəkmək istəyirəm. Bu filmdə xüsusilə yalnız Şuşa dağlarında bitən, 20 günlük ömürə malik olan “Xarı bülbül” gülü və Qarabağ atlarını nümayiş etdirəcəyəm. Hesab edirəm ki, atlar məcburi köçkün düşmüş insanları tərənnüm edirlər. Çünki onlar da öz vətənlərində yaşamaq istəyirlər.