"Bakıda və Abşeronda FEVRAL ayının havası müşahidə edilir"


Digərləri 13 Mar 2018 14:12:00 285 0

"Bakıda və Abşeronda FEVRAL ayının havası müşahidə edilir"

"Bakıda və Abşeron yarımadasında hazırda müşahidə edilən hava şəraiti fevral ayının III ongünlüyü və mart ayının ilk günləri üçün uyğundur".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırkı soyuq hava şəraiti fevral ayının III ongünlüyündə və mart ayının 10-dək müşahidə edilsəydi, normal qarşılana bilərdi.

M.Həsənov qeyd edib ki, Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında martın I ongünlüyündə havanın temperaturunun 12-15 dərəcə isti olması, sonra isə qəfildən 7 dərəcə enməsi mənfi hal sayılır:

"Hazırkı hava şəraitini tərəddüdlü hava şəraiti saymaq olar. Hava şəraiti bir temp üzrə getmir. Hazırda həm temperatur, həm yağıntı, həm rütubət, həm də atmosfer təzyiqi normadan bir qədər kənara çıxıb. Temperaturlar gah artır, gah da azalır. Düzdür ki, mart üçün dəyişkən hava şəraiti səciyyəvidir. Martda hava gah isti, gah da soyuq olur. Amma mart ayında 1, 2 gün ərzində havanın temperaturunun birdən-birə 5-7 dərəcə enməsi normadan kənara çıxmadır. Temperaturun 2-3 dərəcə enməsi isə qəbulediləndir".

M.Həsənov qeyd edib ki, martın hazırkı dövründə soyuq hava şəraitinin müşahidə edilməsi hər il olmasa da, bəzi illərdə qeydə alınıb.

Onun sözlərinə görə, havanın soyuması daha çox hazırda çiçəkləmə mərhələsində olan çəyirdəkli meyvələrin ağaclarına mənfi təsir göstərəcək.