"Azərbaycanda mitinqlərin keçirilməsi halhazırda ictimai sifariş deyil"


Siyasət 13 Mar 2018 12:34:00 263 0

"Azərbaycanda mitinqlərin keçirilməsi halhazırda ictimai sifariş deyil"

"Azərbaycanda mitinqlərin keçirilməsi hal-hazırda ictimai sifariş deyil. Çünki mitinqi zəruri edən səbəblər yoxdur. Təbii sosial siyasi proseslər mitinq məsələsini aktuallaşdırmayana qədər də süni şəkildə ictimai ovqatı mitinq əhval-ruhiyyəsinə kökləmək mümkün olmayacaq. Təəssüf ki, öz fəaliyyətini ölkənin real ictimai münasibətləri ilə deyil xarici qüvvələrin diqtəsilə müəyyənləşdirən bir qrup siyasi məcarapərəst mart ayının 10-da mitinq keçirməklə bağlı uğursuz cəhd etdi və növbəti dəfə cəmiyyət qarşısında özünü ifşa etdi. Ancaq şübhəsiz ki, mitinq qərarının kortəbii verildiyini də söyləmək doğru olmazdı".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda ictimai-siyasi həyatımızda mühüm siyasi fəallıq mərhələsidir və seçkilərə hazırlaşırıq: "Seçkilərin demokratik əsaslarda keçirilməsi üçün mühüm faktorlardan biri olan sabitlik mövcuddur və ölkənin müvafiq institusional qurumları, demokratik təsissatları bunun təmin edilməsi üçün effektiv fəaliyyət göstərir. Ancaq görünür milli maraqlarımızn lehinə olan belə vəziyyət bəzi antiazərbaycançı mərkəzləri qane etmir. Ona görə də daxilimizdəki marginal qruplar vasitəsilə xaos yaratmaqla demokratik proseslərə kölgə salmaq istəyirlər. Bunun üçün kifayət qədər maddi resursları da səfərbər edirlər. Ancaq göründüyü kimi mitinq adlandırdıqları məcburi toplantıya min və min beş yüzdən artıq insan cəlb edə bilmirlər. Ona görə ki, Azərbaycan cəmiyyəti siyasi hazırlıq baxımından kifayət qədər yetkin cəmiyyətdir və belə mitinqlərin ölkədaxili sabitliyi pozmağa və milli maraqlarımıza zərbə vurmağa hesablandığını yaxşı bilir. Düşünürəm ki, marginal qruplar da onların xaricdəki havadarları da bu həqiqəti başa düşüb Azərbaycanın ictmai rəyi ilə manipuliyasiya etməyin mümkün olmadığını nə qədər tez dərk etsələr bir o qədər yaxşı olar".