Kollec direktoru: Surxay dedi ki, 600 manat pul ver, yazıları çıxardım


Digərləri 13 Mar 2018 12:35:00 241 0

Kollec direktoru: Surxay dedi ki, 600 manat pul ver, yazıları çıxardım

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə və digər cinayətlərdə təqsirləndirilən, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə və digər cinayətlərdə təqsirləndirilən, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva ifadə verib. O bildirib ki, S.Əliyev mətbuatda barəsində xoşagəlməz yazılar yazıb. Onun sözlərinə görə, baş redaktor onun haqqında həqiqətəuyğun olmayan məlumatlar dərc edib və aralarında mübahisə yaranıb: "Sonra Surxay Hikmət Nəcəflini yanıma göndərdi. Surxay dedi ki, 600 manat pul ver, yazıları çıxardım. Mən də Hikmətə 200 manat verdim". Daha sonra digər zərərçəkmiş, Tovuz rayon İcra hakimiyyətinin 8 saylı yaşıllaşdırma idarəsinin rəhbəri Vasif Məmmədov bildirib ki, mətbuatda onun barəsində yazılar dərc ediləndən sonra Hikmət Nəcəfli ondan 1000 manat tələb edib: "Ona pul vermədim. Bir qədər keçəndən sonra "Nəşiriyyat"da Surxay Əliyev və Hikmət Nəcəfli ilə görüşdüm. İmkanım yox idi deyə, pul vermədim. Bakıya gedib, onlarla görüşməkdə məqsədim yazıların araşdırılması olub. Hətta bir neçə şəxsə də xahiş etdim ki, Surxaygil haqqımda yazıları dayandırsın". Zərərçəkmiş qeyd edib ki, S.Əliyevlə H.Nəcəfli onu şantaj edib, nüfuzunə xələl gətirib. Zərərçəkmiş Rasim Hüseynov isə ifadəsində deyib ki 2014-cü ildə S.Əliyev ona zəng edib 1500 manat tələb edib: "Pulu bankdan çıxarıb, göndərdim, sonra da arabir 150 manat verirdim. Bir il keçəndən sonra yenə məndən pul istədilər, amma vermədim. Bu barədə Mətbuat Şurasına müraciət etdim. Rəhim müəllim dedi ki, "hər şey qaydasına salınacaq". Bir qədər keçəndən sonra bir xanım gəldi və yazılara görə pul istədi. O, yanımda Hikmət müəllimlə danışdı. Sonra 500 manatı onlara göndərdim. Marif Abbasova da pul verdim ki, haqqımda yazılar yazmasın".