Dövlət Komitəsi: 19 dövlət əmlakı özəlləşdirilib (FOTO)


Digərləri 13 Mar 2018 12:20:00 214 0

Dövlət Komitəsi: 19 dövlət əmlakı özəlləşdirilib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da ən son təklif 13 min 450 manatadək yüksəlib. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bundan başqa eyni ünvanda yerləşən digər əmlakın, 1 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 2 min 500 manata olan həmin obyektə ən son 2 min 600 manat təklif edilib. Budəfəki hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 119 kv.m olan Gəncə şəhərində yerləşən 6 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşdirilən “Maştağa Avtodəstə” də təmir sahəsində sahibi üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 1400 kv.m-ə yaxın, torpaq sahəsi isə 10 min kv.m-dən çoxdur. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır. Turizm sahəsinin sürətlə inkişaf etdiyi Qəbələ şəhərində iaşə və xidmət obyektlərinin sayı artmaqdadır. Bu əmlakların sırasına rayonun Nic qəsəbəsində yerləşən 1 saylı klub da daxil ola bilər. Fəaliyyətini yenidən qurmaqla bu obyekti turistlərin sevimli məkanına çevirmək mümkündür.