Bayıl sürüşmə zonasından köçürülən ailələrə Novruz sovqatı təqdim olunub


Sosial 13 Mar 2018 11:10:55 285 0

Bayıl sürüşmə zonasından köçürülən ailələrə Novruz sovqatı təqdim olunub

İcra başçısı Eldar Əzizov Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülən sakinlərlə görüşüb

 Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülən sakinlərlə görüşüb.

"Report" xəbər verir ki, Yel çərşənbəsi günü təşkil olunan və bayram süfrəsi arxasında toplaşanları salamlayan icra başçısı sakinləri qarşıdan gələn Novruz bayramı münasıbətilə təbrik edib.

O bildirib ki, sürüşmədən sonra orada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təmin olunması üçün bir sıra təxirəsalınmaz tədbirlər görülüb, əhalı vaxtında təhlükəli zonadan köçürülüb, müvəqqəti sığınacaq yaradılıb, vətəndaşların digər problemləri həll olunub.

E.Əzizov deyib ki, həmin ərazidəki evlərin böyük əksəriyyətinin heç bir sənədi yoxdur və qanunsuz tikililərdir. Buna baxmayaraq dövlət tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu işlər həyata keçirilib.

Onun sözlərinə görə, evləri tam uçan vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək.

İcra başçısı vurğulayıb ki, hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir.

E.Əzizov tədbirdə iştirak edən vətəndaşların çoxsaylı suallarını cavablandırıb, onlar bu problemli məsələlərinin həllinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Sonda sürüşmə ərazisindən köçürülən ailələrə Novruz sovqatı təqdim olunub.