“Bank soyan ispan futbolçu” və ya gerçək “La Case de Papel” hekayəsi


İdman 13 Mar 2018 11:08:00 348 0

“Bank soyan ispan futbolçu” və ya gerçək “La Case de Papel” hekayəsi

Son günlərin ən populyar serialları sırasında ilk adı çəkilən İspaniya istehsalı “La casa de papel”dir. Tamamilə təxəyyül məhsuludur. İspan futbolçunun bank soyması? Bu isə yaşanmış hadisədir. 1974-cü il. Adı çəkilən futbolçu tək bank soymaqla kifayətlənməmiş, 2 nəfəri də yaralamışdı. İndi sağdır və həbsdə deyil.

 

Goal.az gerçək “La casa de papel” hekayəsini təqdim edir:

 

İşin içində bir futbolçu, iki yaralanma, iki soyğun və hər şeyin tərs getdiyi bir həyat var.

Özü ilə gün eynəyi, parik, saxta saqqal götürdü. Əlavə olaraq 2 tapança və 1 tüfəng. Plan belə idi: “Murcia” Bankını soymaq. Tərəddüdsüz və mümkün qədər sürətli olmalı idi...

Banka girdikdən sonra, ilk olaraq, mühafizəçiləri zərərsizləşdirəcək, ardınca da pulları çantaya yığacaqdı. Pul dediyimiz də nə az, nə də çox – 1 milyon dollar idi.

 

İlk baxışda qüsursuz görünə bilər, elə deyil?

Bankın çöl qapısının yanında onu 26 yaşlı fizika müəlliməsi olan sevgilisi gözləyəcəkdi ki, bu sevgili Mursiyanın ən nüfuzlu ailələrindən birinin qızı idi. Sarışın gözəl işlək vəziyyətdə olan avtomobildə olacaqdı. Məqsəd sürətli qaçmaq idi. Avtomobili polis axtaracaqdı deyə, ondan qısa vaxtda qurtulmaq da planın bir hissəsi idi.

Joze Luis Pons “Real Murcia”nın sağ cinah müdafiəçisi idi. Əslində yaxşı hücumçu idi, sonra bir şəkildə sağ cinah müdafiəçisinə çevrilmişdi. Karyerası haqqında da “pis idi” demək olmazdı. 60-cı illərdə “Ourense”dən “Contacnia de Inca de Mallorca”ya transfer oldu. Daha sonra “Albacete” də müdafiəçi kimi formalaşmışdı. Daha sonra “Cordoba”, “Calvo Sotelo” deyərkən, “Real Murcia”ya keçdi. Karyerasının ən pis dövrü də bu klubda oynadığı vaxta təsadüf etdi.

Bir gün oyundan əvvəl masajçının verdiyi həbi atdı. Bədənindəki ağrıları unutmaq niyyətində idi. Bilmədiyi isə, bu həbin performans yüksəltdiyi tərəfi idi. Haqqında danışdığımız “amfetamin” 60-cı illərdə İspaniyada aspirin kimi reseptsiz satılırdı. Pons illər sonra, bu həbdən asılı vəziyyətə gəldiyini etiraf edəcəkdi. Bu asılılıq onu çox insana borclu hala gətirdi. Komandasından ayrıldı, Fransanın “Marceille” klubundan təklif alsa da, ölkəyə gedə bilmədi.

 

Çökdüyü an...

Andorraya keçib tüfəng, tapança və bir neçə qutu mərmi alır. Silahları gizlədərək sərhəddən keçə bilir. Sonra isə məşhur bank soyma planını hazırlayır. Səbrlə gözləyir. 1974-cü ilin 7 aprelində hərəkətə keçir. Planladığı kimi, sevgilisi Purita çıxışda maşında onu gözləyirdi. Özü isə silahlarla banka girir. Bura Bonnie və Clyde hekayəsini xatırladır...

Futbolçu Pons soyğun işində uğurlu olur. Hər şey planladığı kimi alınır. 1 milyon 707 min peseto ilə bankdan qaçmağı bacarır. Yaşadığı dövr üçün bu, kifayət qədər böyük məbləğ idi. Həmin vaxt, əslində, bank yarmaq da çox çətin deyildi. Əsas olan pulu nə edəcəkləri idi. Pons əvvəlcə borclarını ödədi. Üzərindəki kredit qadağasını qaldırdı. Torrevieja yaxınlığında bağ evi aldı. Artıq yarım milyon peseto xərclənmişdi.

Görünür ilk və uğurlu alınan oğurluq xoşuna gəlmişdi. “Bir oğrunun ən böyük günahı oğurluq deyil, qürurudur” deyirlər. İkinci bank Alkantedəki “Caja Rural Central de Orihuela” idi. Silahla banka girməsinə rəğmən, planlamadığı şey kimisə vurmaq idi. Qorxduğu başına gəlir. Bankda işləyənlərdən biri, silahın saxta olduğunu düşünüb Ponsun üzərinə atılır. Panikaya düşən Pons 3 dəfə atəş açır. 2 nəfər yaralanır. Pons təlaş içində 204 min pesota olan çantanı götürüb çıxır. Halbuki, stolun üstündəki digər çantada 6 milyon var idi...

İlk soyğunda olduğu kimi maşınla qaçıb onu yandırıb uzaqlaşacaqdı. Və yaxınlıqda oynayan uşaqlar onu görüb bir neçə gün sonra polisə xəbər verəcəklərdi. İkinci soyğunu da uğurla tamamlayan Pons üzünün göründüyündən xəbərsiz həyatına davam edirdi. Həmin vaxt “Murcia”nın da oyunları yaxşı alınmırdı. Bu səbəbdən də sabiq futbolçuları Ponsu yenidən heyətə dəvət etmişdilər. Pons yenidən futbola dönmüşdü. Ancaq şəhərdə heç kimin onun etdiklərindən xəbəri yox idi. Klubun müdafiəçisi 2 dəfə bank soymuş, 2 nəfəri də yaralamışdı...

Sonra, polis uşaqlar sayəsində Ponsun izinə düşür. Pons da əməlini etiraf edir. Sevgilisi də həbs olunur, ancaq o bu işi tək planladığını və tək etdiyini bildirir. Bank soyduğuna və 2 nəfəri yaraladığına görə həbs olunur.

 

 

O da hamı kimi insan idi

Bu gün 82 yaşı, 56 illik jurnalist karyerası olan Xuan İqnasio  İbarranın sözlərinə diqqət edək. Soyğunlar gerçəkləşən vaxt o “Linea de Murcia” qəzetində işləyir, “İbarra stadionu” proqramını aparırdı. İkinci soyğunun olacağı gün, Pons yaxından tanıdığı İbarradan avtomobilini istəyir. İbarra bir neçə gün əvvəl aldığı yeni avtomobili verməyə razı olsa da, görünür, Pons dostunun avtomobilini oğurluqda istifadə etmək istəməmişdi: “Səndə qalsın, mən başqa birini tapdım”...

İbarra Pons haqqında “Yaxşı insan, əla dost idi. Fikrimcə, istifadə etdiyi həblər onun belə işlər görməsinə səbəb oldu. Həbs olunduğu günü xatırlayıram. Radio üçün polisdən açıqlama da almışdım. Hamı təəccüb içində idi. Heç kim belə bir şey olacağını düşünmürdü. Belə yaraşıqlı birinin oğurluq etməsi də inandırıcı deyildi. Ancaq o da hamı kimi insan idi və səhv edə bilərdi.

 

İllərcə həbsdə qaldı, indi isə...

O dönəmlərdə hakimiyyətdə Franko idi. Madriddə tikilən və 2008-ci ildə dağıdılan həbsxanada 6 il cəza çəkdi. Məhbus ikən həbsxana futbol komandasının məşqçisi idi, idman dərsi keçirdi. Özünü yaxşı apardığına görə, daha tez azadlığa buraxıldı.

Manşetlərə “Bank soyan futbolçu” kimi düşən Pons hazırda həyat yoldaşı Mariya ilə Mursiyada yaşayır. Uzun müddət Los-Ancelesdə yaşayan cütlüyün 3 övladı var. Pons indi futbol meneceri kimi fəaliyyət göstərir.

 

Zeynəb Əliyeva