Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib (FOTO)


Digərləri 13 Mar 2018 11:01:00 204 0

Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib (FOTO)

İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib.

Bakı. İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib. Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF)-dən Trend-ə verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində təşkil olunan sayca 31-ci Konqresində quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, UEC-nin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb. Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-nin keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi. Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-nin Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib. Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir. Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq.