İdman Gimnastikası üzrə Dünya Kubokunda 25 ölkədən idmançılar yarışacaq
İdman 13 Mar 2018 10:23:00 286 0
15-18 mart tarixlərində Milli Gimnastika Arenası İdman Gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Goal.az xəbər verir ki, Bakıda 3-cü ildir ki, təşkil olunacaq bu kubokda 25 ölkədən 102 idmançının qatılacağı gözlənilir.
Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.
Federasiyanın beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi və ildən-ilə artan təcrübəsi bu dəfə də yarışlarımızda öz əksini tapacaq. Belə ki, turnir boyunca tamaşaçılar nəinki meydançada çıxış edən idmançıları, həm də təşkilatçılar tərəfindən keçiriləcək maraqlı fləşmobları izləyəcək, həmçinin müxtəlif müsabiqələrdə yaxından iştirak edərək, federasiyadan xatirə hədiyyələri qazanmaq şansı əldə edəcəklər.
İlin gimnastika üzrə ilk turnirinə biletləri Arenanın kassasından, həmçinin 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən əldə edə bilərsiniz. Təsnifat günləri üçün biletlərin qiyməti 10 manat, final günləri üçün isə 15 manat təşkil edir.