Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" sərgisi keçiriləcək


Digərləri 12 Mar 2018 20:24:00 287 0

Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" sərgisi keçiriləcək

16-18 may 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" sərgisi keçiriləcək. Keçirildiyi 24 il ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Son.az bildirir ki, tədbirdə dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirəcəklər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərinin iştirakı da gözlənilir. Bu il sərgidə süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, eləcə də çay istehsalçıları xüsusi fəallığı ilə seçilir. Hər il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz və çay ixracatçıları sərgidə fəal iştirak edirlər. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və həmçinin bir sıra digər məhsullar yer alır.

Təşkilatçılar sərginin işi ilə yanaşı, qida məhsulları tədarükçüləri və yerli pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Sərgidə ilk dəfə olaraq "yeniliklər vitrini" təşkil olunacaq. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdirəcəklər.