"Daxili Qoşunlar istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir" FOTO


Digərləri 12 Mar 2018 17:01:00 265 0

"Daxili Qoşunlar istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir"  FOTO

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 26 il ötür.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bu əlamətdar hadisə münasibətilə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış "Əbədi məşəl" önünə əklil qoyulub.

Torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov iştirak ediblər.

Əvvəlcə salona Daxili Qoşunların Döyüş Bayrağı gətirilib. Ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. O deyib ki, ulu öndər Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart "Daxili Qoşunlar Günü" kimi müəyyən olunub. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Məruzəçi qeyd edib ki, atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib.

Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər.


Xəbərə aid fotolar